"Paris-2024-də iştirak etmək üçün çəkimi dəyişəcəyəm"- Eldəniz Əzizli
"2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etməyə çalışacağam".
Bunu "Report"a müsahibəsində Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli deyib.
55 kq-da çıxış edən ikiqat dünya və ikiqat Avropa çempionu bunun üçün çəkisini dəyişəcəyini də bildirib: "İndiyədək olimpiadalarda olmamağım çəkimlə bağlıdır. Hələlik məşqlərə başlamadığım üçün çəki ilə bağlı məşqçilər korpusu ilə tam məsləhətləşməmişik. 2023-cü ilin ilk aylarında bu məsələyə qayıdacağıq. Çəki dəyişmək hamı üçün böyük çətinlikdir. Amma bunun da öhdəsindən gəlmək olar".
30 yaşlı güləşçi Yay Olimpiya Oyunlarının planetdə keçirilən ən mötəbər yarış olduğunu söyləyib: "Hər idmançının ən böyük hədəfi, arzusu və istəyi olimpiya çempionu olmaqdır. Mən də olimpiya "qızıl"ını və ya hansısa bir medalını titullarımın sırasına daxil etməyi hədəfləyirəm".
Eldəniz Əzizli "qazandığınız titulları bir olimpiya çempionluğuna qurban verərdinizmi" sualına qısa cavablandırıb: "Xeyr, qurban verməzdim".
Eldəniz Əzizlinin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.