Rusiya ilə Yaponiyanın münasibətləri getdikcə gərginləşir - artıq tərəfdaş deyillər


Kremlin Ukraynaya qarşı işğalçı müharibəsi bir çox ölkəni Rusiya ilə tərəfdaşlıqdan uzaqlaşdırıb. Bu ölkələrdən biri də Yaponiyadır. Tokio artıq Moskvanı tərəfdaş hesab etmir. Halbuki, Yaponiyanın keçmiş baş naziri Sindzo Abenin dövründə Rusiya ilə tərəfdaşlıq Tokionun əsas xarici siyasət prioritetlərindən biri idi. Ancaq Krımın ilhaqından və Ukraynaya qarşı işğalçı müharibədən sonra Tokionun mövqeyi dəyişdi.


AFN.az-ın məlumatına görə, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu prosesi şərh edərkən bildirib ki, Yaponiyanın qəbul etdiyi yeni milli təhlükəsizlik strategiyasında Rusiya tərəfdaş ölkələr siyahısından çıxarılıb. Yeni milli təhlükəsizlik strategiyasında belə bir cümlə yer alıb: “Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi qanunların kobud sürətdə pozulmasıdır. Bu siyasət beynəlxalq nizama ciddi zərbədir”. E.Şahinoölunun sözlərinə görə, Kuril adalarıyla bağlı qeyri-müəyyən vəziyyətin davam etməsi də Tokio ilə Moskva arasındakı münasibətlərə mənfi təsir edib: "Rusiyanın yeni Konstitusiyasında torpaq güzəşti qadağan edilib. Bu o deməkdir ki, Rusiyanın gələcək prezidentləri də Kuril adalarını Yaponiyaya qaytarmayacaqlar. Buna görə də Yaponiya Rusiya ilə sülh sazişi imzalaya bilməyəcək. Yaponiyanın baş naziri Fumio Kisida dekabrın 2-də verdiyi açıqlamada mövcud vəziyyəti bu sözlərlə təsdiq edib: “Yaponiya-Rusiya münasibətləri gərgin olaraq qalır. Bu vəziyyətdə iki ölkə arasında sülh sazişinin imzalanması üçün danışıqların perspektivini görmürəm”. Münasibətlərin gərginləşməsinə rusiyalı rəsmilərin Tokionun ünvanına sərt açıqlamaları da səbəb olub. Misal üçün Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev dekabrın 11-dəki açıqlamasında Yaponiyanı Qərb ölkələri kimi “nasizmə baş əyən” dövlət kimi qiymətləndirib.
Buna baxmayaraq, milli təhlükəsizlik strategiyasında Yaponiya üçün əsas təhlükə mənbəyinin Çin olduğu göstərilib. Strategiyada Rusiya ilə yanaşı Çinin siyasəti beynəlxalq nizama təhdid kimi qiymətləndirilib. Yaponiya sahillərinin Çinə yaxın hissəsində müdafiə istehkamları artırılacaq. Tokio yeni nəsil qırıcı təyyarələrin istehsalına başlayacaq. Bundan başqa Yaponiya Böyük Britaniya və İtaliya ilə birgə 2035-ci ilə qədər pilotsuz hərbi təyyarələrin istehsalını nəzərdə tutub".
Politoloq bildirib ki, Yaponiyanın yeni strategiyasında təhlükəli ölkəyə qarşı əks-həmlə zərbəsinin vacibliyi vurğulanıb: "Halbuki, İkinci Dünya müharibəsindən sonra Yaponiya hərbi ritorikadan çəkinirdi. Vaşinqtonun məğlub etdiyi Yaponiya üzərində hərbi nəzarəti güclü idi. Hazırda isə Vaşinqton özü Tokioya məsləhət görür ki, Rusiya, Çin və Şimali Koreya təhlükəsinə görə hərbi xərclərini artırsın.
Yaponiya milli gəlirin 2 faizini hərbi xərclərə yönəldəcək. Buna baxmayaraq, yaponlar bölgədə hərbi nöqteyi nəzərdən qudrətli ölkəyə çevrilməyi planlaşdırmırlar. Əsas məsələ mövcud təhlükələrə adekvat cavab verə biləcək ordu formalaşdırmaqdır. Tokio milli təhlükəsizlik strategiya ilə yanaşı müdafiə qüdrətinin artırılması planını da qəbul edib".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu