Yaponiya narahatdır: hərbi gücünü artırıb, qarşıdurmaya hazırlaşır


Yaponiya narahatdır. Tokionun qəbul etdiyi “təhlükəsizlik strategiyasında” Yaponiyanın yaxın 5 ildə hərbi qüdrətini bir neçə dəfə artırmaq planlaşdırılıb. Bundan əlavə, Yaponiyanın baş naziri Fumio Kisido aktiv xarici siyasətə başlayıb. O, G7-yə üzv dövlətlərin hamısına səfər edərək Yaponiyanı narahat edən mövzuları müzakirə edib. Fumio Kisido sonuncu dəfə Vaşinqtona səfər edərək ABŞ prezidenti Co Baydenlə hərbi əməkdaşlığın inkişafını müzakirə edib. Öz növbəsində Vaşinqton Çinin artan hərbi gücündən ehtiyat edərək Tokionun hərbi imkanlarını artırmasına etiraz etmir.


Bütün bunlar isə Yaponiyanın bir növ, müharibəyə hazırlaşdığını deməyə əsas verir.

AFN.az xəbər verir ki, Atlas Araşdırmalar Mərkəzi mövzunu şərh edib. Bildirilir ki, Fumio Kisido Ağ Evdə Ukrayna və Tayvan mövzularını da geniş müzakirəyə çıxarıb: "Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Tokionun Kremllə münasibətləri gərginləşib. Tokio Qərbin Rusiyaya qarşı sanksiyalarını dəstəkləyib. Rusiyanın yeni Konstutisiyasına görə, heç bir ölkəyə ərazi güzəşti edilməyəcək. Yəni Rusiya İkinci Dünya müharibəsindən sonra işğal etdiyi Kuril adalarını Yaponiyaya qaytarmayacaq".
Mərkəzin ekspertləri hesab edirlər ki, Çinin Tayvanı ələ keçirmək planları da Tokionu ciddi narahat edir. Çin Tayvanı ələ keçirərsə, bölgədə hərbi gücünü artıracaq və bu, Yaponiya üçün təhlükəyə çevriləcək. "Hazırda Çin Yaponiya sahillərinə yaxın sularda hərbi təlimlərin sayını artırıb. Digər tərəfdən Yaponiya ticarətinin 90 faizini gəmilər vasitəsilə Tayvan adasının ətrafından həyata keçirir. Çin Tayvanı ələ keçirərsə, Pekin Yaponiyanın ticarət yollarına da nəzarəti ələ keçirəcək".
Bunlardan əlavə, Yaponiya Çinin Tayvandan sonra özünə məxsus kiçik adaları işğal edə biləcəyindən də narahatdır: "Yaponiya Tayvan ətrafındakı kiçik adalarında raket qüvvələri yerləşdirir. Həmçinin uzaq mənzilli raketlərin istehsalına da başlamağı və həmin adalarda yerləşdirməyi planlaşdırır. Yaponiya bundan başqa ABŞ “Tomahawk” raketlərini də almaq istəyir".
Əvvəllər Tokio ABŞ-la Çin arasında nisbi balans siyasəti həyata keçirirdi. Tokio hazırda birmənalı şəkildə ABŞ-ın Çinə qarşı sərt siyasətini dəstəkləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu