Azərbaycan və Ukrayna sağlamlıq turizmi assosiasiyaları əməkdaşlıq memorandumu imzalayıb


İyulun 18-də “New Baku” Hotelində Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA) ilə Ukrayna Kurortlar Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.
AHTTSA-dan AFN.az-a daxil olan məlumata görə, imzalanma mərasimində Azərbaycan tərəfdən AHTTSA sədri Ruslan Quliyev, “Skal İnternational Baku” klubunun prezidenti Ceyhun Aşurov, Azərbaycan Turizm Assosiasiyası sədrinin birinci müavini Əhməd Qurbanov və baş müşaviri Müzəffər Ağakərimov, eyni zamanda Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Ukrayna tərəfdən isə Ukrayna Kurortlar Assosiasiyasının prezidenti Yuriy Kotik, Truskovets şəhər merinin müavini Aleksey Balitekiy və Ukraynanın Bakıdakı səfirliyinin iqtisadi məsələlər üzrə məsləhətçisi Oleq Klinçenko, həmçinin Azərbaycanda fəaliyyət göstərən bir sıra turizm şirkətlərinin və sağlamlıq turizminə dəstək göstərən müəssisələrin nümayəndələri iştirak ediblər.
İştirakçılar Azərbaycan və Ukrayna arasında sağlamlıq turizmi sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün görüləsi işlər haqqında fikir mübadiləsi aparıblar, əməkdaşlıq münasibətlərinin gələcək perspektivləri barədə mövcud imkanları dəyərləndiriblər. Qərara alınıb ki, həm Azərbaycan, həm də Ukrayna vətəndaşları üçün hər iki ölkədə fəaliyyət göstərən müalicə-sağlamlıq turizmi təsisatları geniş formada təbliğ olunsun.
AHTTSA-dan verilən məlumatda qeyd edilir ki, Azərbaycan və Ukrayna sağlamlıq turizmi assosiasiyaları arasında imzalanan əməkdaşlıq sənədi hər iki ölkənin tibbi turizm sahəsində qarşılıqlı turist mübadiləsi, birgə əməkdaşlıq, bu istiqamətdə müvafiq layihələrin hazırlanması və s. kimi nüansları da özündə əks etdirir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu