Naxçıvan əhalisinin ümid yeri olan Zəngəzur dəhlizi açılmalıdır - Emin Tarverdiyev


Ermənistanın Azərbaycana qarşı 1988-ci ildən başlatdığı təcavüzkar siyasəti qurbanları Qərbi Azərbaycan, Qarabağ bölgəsi, ətraf rayonlarla yanaşı, Naxçıvan Muxtar Respublikası da oldu. 1988-ci ildən Naxçıvana olan hərbi hücumların qarşısı cəsarətlə alınsa da, başlanan müharibə daha acı nəticələrə gətirib çıxardı. Muxtar Respublika blokada şəraitində yaşamağa başladı.


O vaxt Azərbaycanın digər əraziləri ilə Naxçıvanı əlaqələndirən dəmiryolu fəaliyyət göstərirdi ki, bu da istər sərnişinlərin, istərsə də yüklərin daşınması üçün aktiv şəkildə istifadə edilirdi. Müharibə başladıqdan sonra bu yol da bağlandı, Azərbaycanın digər bölgələri ilə Naxçıvan arasında birbaşa quru əlaqəsi kəsildi. Həmin dövrdə belə bir vəziyyətin yaranması Naxçıvanda uzun müddət qida və digər məhsulların kəskin çatışmazlığının yaranmasına səbəb oldu.
44 günlük Vətən Savaşından artıq 3 ilə yaxın vaxt keçməkdədir. Amma Naxçıvanın blokadası hələ də davam edir. Artıq Naxçıvan da Qarabağ torpaqları kimi, həsrət qaldığı anası Azərbaycanın qoynuna sığına bilməli, həsrəti sona yetməlidir. Bunun üçün mütləq və mütləq Zəngəzur dəhlizi açılmalıdır. Zəngəzur Azərbaycan üçün təkcə Naxçıvanın qapısı deyil, onun Azərbaycanın tarixində və milli kimliyində xüsusi yeri var.
Qeyd edim ki, təbii sərvətləri ilə zəngin olan Naxçıvanın da inkişafı məhz bu dəhlizdən asılıdır.
Biz 44 günlük müharibədən öncə də, müharibə dövründə də, bu gün də Azərbaycanın sosial-iqtisadi rifahının yüksəlməsi üçün çalışmışıq. Fəaliyyətə başladığımız gündən ictimai birliyimiz mümkün qədər Muxtar Respublikadakı şəhid ailələri, qazilərimizlə əlaqə saxlamaqdadır. Lakin rastlaşdığımız problemlər onlarla birbaşa görüşməyə çətinlik yaradır. Quru sərhədin olmaması, hava nəqliyyatından istifadədə məhdudiyyətlər (biletin çətinliklə tapılması, hava şəraiti), başqa dövlətin ərazisindən istifadənin baha və uzaq olması bizim Muxtar Respublika ilə bağlı layihələrin icrasını gecikdirir, vaxtında şəhid ailələri, qazilərin yanında ola bilmirik, onları paytaxtdakı tədbirlərimizə dəvət etməkdə problemlərlə üzləşirik.
Kəskin kontinental iqlim qurşağında yerləşən Naxçıvanın şıltaq təbiətinə görə hətta öz əzizlərimizin, ailə üzvlərimizin hüzr mərasimlərində, şad günlərində də iştirak etməkdən məhrum oluruq.
Buna görə də hesab edirik ki, Zəngəzur dəhlizinin açılması zəruridir və bu dəhlizin fəaliyyəti 30 illik Naxçıvan blokadasını yaracaq. Naxçıvan əhalisinin ümidi olan Zəngəzur dəhlizi açılmalıdır.
Biz "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi rəhbərliyi, üzvləri adından dünyaya müraciət edirik. Niyə bu günə qədər böyük dövlətlər və beynəlxalq təşkilatlar Naxçıvandakı dinc sakinlərin problemlərinin, eyni zamanda, blokadanın aradan qaldırılması üçün heç bir addım atmayıb? Ermənistana bu məsələdə niyə heç bir təzyiq etməyib? Niyə bu illər ərzində bizim haqq səsimiz eşidilməyib? Niyə 30 ildən artıq blokada şəraitində yaşayan Naxçıvan əhalisinin ümid yeri olan Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın digər bölgələri ilə quru əlaqəsinin yaradılması, regionda kommunikasiyaların açılması istiqamətində addımlar atmayıblar?
Ona görə də biz Naxçıvan əhalisinin ümid yeri olan Zəngəzur dəhlizinin açılmasını zəruri və vacib hesab edirik.

Emin Tarverdiyev,
"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin sədri



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu