Naxçıvanın muxtar respublika statusu ləğv edilməlidir - EKSPERT
Xəbər verdiyimiz kimi, Naxçıvan Dövlət Təhlükəsizlik Xidməti ləğv edilərək, Dövlət Təhlükəsizlik Xidmətinin Naxçıvan Baş İdarəsi yaradılıb. Bəzi ekspertlər bunu Naxçıvanın muxtar respublika statusunun ləğvinə hazırlıq kimi dəyərləndirdilər. Bəs Naxçıvanın MR statusu ləğv edilməlidirmi?
Mövzu ilə bağlı AFN.az-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov müəyyən səbəblər göstərməklə bunun lazım olduğunu bildirdi: "Nəzərə alsaq ki, Azərbaycan unitar ölkədir, öz spesifik xüsusiyyətləri vardır ki, vahid qanunvericilik bazası, konstitusiyası, idarə etmənin vahid standartlarının tətbiqi və s.kimi məsələlər var. Bu baxımdan unitar göstəricilərin Azərbaycanda mövcudluğu daha məqsədəmüvafiqdir. Digər bir tərəfdən nəzərə alaq ki, hazırda regionda çox qızğın proseslər gedir. Müəyyən ərazi məsələləri ilə bağlı istər İran, istərsə də, Ermənistan, eləcə də Rusiya, bu ölkələrlə olan gərgin münasibət Naxçıvan üçün təhlükə yaradır. Naxçıvanın ərazisini İran və Ermənistan məcazi mənada desək, qucaqlayıb. Hər iki ölkədə Azərbaycana qarşı aqressiv münasibətlər sərgiləyirlər. Hesab edirəm ki, Naxçıvanda Azərbaycanın bir parçası olaraq, unitar standartlara uyğun formada idarəçiliyin təşkil edilməsi daha məqsədə uyğundur”.
FƏRAHİM