"Hermes-S" MTK 6 ildir evlərini sökdüyü ailələrin mənzillərini vermir - Məhkəmə qərarı
Səbaildə pilot layihə əsasında "Hermes-S" Mənzil-Tikinti Kooperativi tərəfindən 6 il əvvəl evləri sökülüb mənzillə təmin olunmayan şəxslərlə bağlı məhkəmə qərar verib.
Qaynarinfo-nun məlumatına görə, Safura Əliyevanın (ad-soyad şərti) sözügedən ünvandakı 4 mərtəbəli binada 5 otaqlı, 119,5 kv.m. mənzili olub.
O, mənzil şəraitinin yaxşılaşdırılacağını güman edərək 2018-ci ildə "Hermes-S" MTK ilə "Mənzilə dair hüquqların ötürülməsi, istifadəçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” müqavilə bağlayaraq, yaşayış sahəsini ailəsi ilə bərabər boşaldıb. Müqaviləyə əsasən, onlara "Hermes-S" MTK tərəfindən 119,5 kv.m. olan 5 otaqlı mənzilin sahəsinə 20 faiz əlavə edilməklə həmin ünvanda tikilmiş yaşayış binasından mənzil və üstəlik hər ay 450 manat kirayə pulu verilməli imiş.
Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini 6 ildir yerinə yetirmir. MTK rəhbərliyi 4 ildir ki, ona kirayə pulu vermir, 6 ilə yaxındır mənzillə təmin etməyib. Safurə Əliyeva məcbur qalaraq məhkəməyə müraciət etməli olub.
"Hermes-S" MTK rəhbərliyi onun yaşadığı mənzili sökərək, yerində çoxmərtəbəli binanın tikintisini başa çatdırsa da, həmin binada müqavilənin şərtlərinə əməl etməyib.
Ətraflı
"Hermes-S" MMC-nin qanuni təmsilçisi Kərimov Elçin Adil oğlu məhkəmədə ifadəsində bildirib ki, pandemiya ilə əlaqədar binanın tikintisi ləngiiyb, hazırda tikinti davam edir, iddiaçıya müqavilədə nəzərdə tutulan sahəli mənzil veriləcək. Kirayə haqlarının vaxtında ödənilməməsi isə bank hesabı üzərinə sərəncamın qoyulması olub. Artıq sərəncam ləğv edilib, ödənişlər həyata keçirilir.
Məhkəmə evi sökülən vətəndaşa "Hermes-S" MTK tərəfindən ümumi sahəsi 119,5 kv.m. olan 5 otaqlı mənzilin sahəsinə 20 faiz əlavə edilməklə həmin ünvanda tikilmiş yaşayış binasından təmirli yeni mənzilin verilməsinə qərar verib. Üstəlik təmirli mənzil təhvil verilən günə kimi hər ay 450 manat olmaqla kirayə haqqı ödənilməlidir.
Qeyd edək ki, Camal Zamanov (ad-soyad şərti) və digər vətəndaşlar da "Hermes-S" MTK tərəfindən hüquqları pozularaq, sökülən evlərinin yerində tikilən binada mənzillə və kirayə pulu ilə təmin edilməyib. Məhkəmə zərərçəkmişlərin xeyrinə qərar qəbul edərək, sözügedən şirkət rəhbərliyi qarşısında vətəndaşların mənzillə və kirayə pulu ilə təmin olunması tələbi qoyub.
Onu da bildirək ki, ötən ay "Hermes-S" Mənzil-Tikinti Kooperativi MMC barəsində idarəçilik qaydaları əleyhinə olan (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) inzibati xəta protokolu tərtib olunub. Protokol İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə irəli sürülüb. 528.1-ci maddəyə əsasən, hüquqi şəxslər 3 000 manatdan 5 000 manatadək məbləğdə cərimə edilir.