“JEK”lər qanunvericiliyə məhəl qoymadan əhalidən “zibil pulu”, “mənzil haqqı” yığırlar


“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 14-cü maddəsində birbaşa göstərilir ki, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə ancaq müqavilə əsasında xidmət göstərə bilərlər. Əgər belə müqavilə yoxdursa, mənzil-istismar təsərrüfatlarının əhalidən pul yığmaq ixtiyarı yoxdur. İcra hakimiyyətinin bu qurumları qanunsuzluq edərək hələ də əhalidən pul yığırlar. Vətəndaşların hüququ var ki, MİS-lərə hər hansı haqq ödəməsinlər. Belə ki, 2009-cu ildə qüvvəyə minən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə mənzil-istismar təsərrüfatları mənzil fondunun idarə edilməsi prosesindən hüquqi baxımdan kənarlaşdırılıb”.



AFN.az xəbər verir ki, bu sözləri Pravda.az-a tanınmış vəkil Turan Abdullazadə deyib.

Vəkil bildirib ki, yeni məcəlləyə görə, dövlət mənzil fondu müvafiq dövlət qurumları, bələdiyyə mənzil fondu bələdiyyələr tərəfindən idarə olunur:
“Özəl mənzil fondu isə mülkiyyətçinin birbaşa özü və ya onun seçimi əsasında idarəedici təşkilat tərəfindən idarə olunur. Qanunvericiliyə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi, idarəedici təşkilat tərəfindən idarə edilmə üsullarından birini seçməyə borcludur. Göründüyü kimi, mənzil fondunun heç bir - dövlət, bələdiyyə və özəl mülkiyyət formasında mənzil-istismar təsərrüfatının iştirakı nəzərdə tutulmayıb. Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” 10 mart 2000-ci il tarixli, 40 saylı Qərarına əsasən, özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin yerləşdiyi evlərin saxlanılması üçün xidmət haqqı bir kvadratmetr yaşayış sahəsi üçün ayda 1,5 qəpik müəyyənləşdirilib. Mənzil-istismar təsərrüfat birlikləri isə hələ də mənzil mülkiyyətçilərindən bu tariflə mənzil haqqı yığmaqda davam edirlər. Halbuki pul yığılan mənzillərin çoxu hazırda dövlət və ictimai mülkiyyət yox, özəl mülkiyyətdir”.

T.Abdullazadə bunu da qeyd edib ki, mənzil-istismar təsərrüfat birlikləri 1959-cu ildə yaradılıb:

“Lakin həmin MİS-lər mənzil qanunvericiliyinin tələblərinə məhəl qoymadan davamlı olaraq əhalidən “zibil pulu”, “mənzil haqqı” və bəzən də yerli vergi yığırlar. Artıq 9 ildir, bu qurumlar qanunvericiliyə zidd olaraq fəaliyyət göstərirlər. Vətəndaşlar qapıya gəlib pul istəyənlərə ödəniş edirlər. Bu pulun hara xərcləndiyi isə məlum deyil. Əgər belə ödənişlər qanunidirsə, “Azərsu”, “Azərişıq”dakı kimi elektron qaydada həyata keçirilməlidir. Və əgər pul ödənilirsə, bunun rəsmi hesabatı olmalıdır. Bu pulların hara xərclənməsində hesabatlılıq olmalıdır. Üstəlik “jek”lər təkcə binanın həyətini təmizləyir, bloklar isə bərbad gündədir. Hesab edirəm ki, bu məsələnin həlli üsulu qardaş Türkiyədəki kimi bələdiyyələrin çoxillik təcrübəsi və iş prinsipi əsas götürülərək yerli bələdiyyələr yenidən təşkil olunmalı, bələdiyyələrə bu sahədə geniş səlahiyyətlər verilməli, bələdiyyələrdə hesabatlılıq və şəffaflıq təmin olunmalıdır. Məhz bu cür problemlərə görə, dövlətin 2022-2026-cı illər üzrə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında ölkədə mənzil kommunal istismar sahələrinin ləğvi yer alıb”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu