Hökumətin baş-ayaq mənzil siyasəti


Mətbuatda JEK-lərin artırılmış tariflə əhalidən mənzil haqqı yığmağa başlaması barədə xəbərlər yer alıb. Artım onunla əsaslandırılıb ki, 30 noyabr 2018-ci il tarixində “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna edilmiş dəyişiklik nəticəsində mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv edilib.


İlk baxışdan hər şey qaydasında olmuş kimi görünür. Həqiqətən qeyd edilən tarixə qədər köhnə binalarda (müstəqillik dövründə tikilən yenitikililər xaric) mənzil haqlarının tarifi Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” 2000-ci il tarixli, 40 saylı Qərarı ilə tənzimlənirdi. Həmin Qərara əsasən, özəlləşdirilmiş mənzillər 1 kv.m. yaşayış sahəsi üçün ayda 1,5 qəpik, dövlət və ictimai mənzil fondu üzrə yaşayış sahəsindənki evlər üçünsə ayda 2 qəpik müəyyən edilmişdi. JEK-lər bu Qərara istinad edərək əhalidən pul yığırdılar. Hətta vəziyyətdən sui-istifadə edərək özəlləşdirilmiş mənzillərdən də 2 qəpikdən mənzil haqqı yığırdılar. İnsafən tarif yüksək deyildi, hətta deyərdim insafsızcasına aşağı idi. Müqayisə üçün qeyd edim ki, yenitikililərdə ən aşağı tarif 20 qəpikdir. Köhnə tikililərdə mənzil sahələri çox da böyük olmadığından aylıq ödəniş 1-2 manat arası dəyişirdi. Hətta bu məbləği də vaxtı-vaxtında ödəməyən əhali üçün əslində aylıq məbləğ çox deyildi. Əhali JEK-lərin xidmətindən narazı olsa da tarifin aşağı olması səbəbində ödədiklərin pulların qarşılığında heç nə istəmirdilər. Çünki onları yenitikililərin yüksək tarif təcrübəsi qorxudurdu. İndi vahid tarif ləğv edilib və nəzəri olaraq liberal tarif, yəni bazarın tənzimlədiyi tarif mexanizmi işə düşüb.

Bəs qaydasında olmayan nədir? Əvvəla qeyd edim ki, JEK-lərin qanunsuz fəaliyyəti barədə dəfələrlə açıqlama vermişəm. Onlardan birini -“Mənzillərimizi idarə edən qanundankənar MİS-lər” adlı məqaləni diqqətiniz təqdim edirəm (linki şərh bölümündə). Bu məqalədə JEK-lərin qanunsuz fəaliyyəti barədə daha geniş məlumat əldə edə bilərsiz. Qısaca onu qeyd edim ki, Azərbaycanda mənzil idarəçiliyinin Konstitutsiyası olan Mənzil Məcəlləsi JEK-lərin mənzil idarəçiliyində iştirakını istisna edir. Özəl mülkiyyətin 3 idarəetmə formasının heç birində JEK adında qurumun adı çəkilmir. Bu məsələnin əsas tərəfi. İkinci tərəfi isə ondan ibarətdir ki, əhalidən artırılmış tariflə pul yığan JEK istinad etdiyi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 13-cü maddəsi ilə yanaşı 14-cü maddəyə də diqqət etsə yaxşı olar, Çünki 14-cü maddədə deyilir ki, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları ÖZƏLLƏŞDİRİLMİŞ mənzillərə ANCAQ MÜQAVİLƏ ilə xidmət göstərə bilərlər. Əgər bu müqavilə yoxdursa, JEK-lərin əhalidən pul yığmaq ixtiyarı yoxdur. JEK-lər, daha doğrusu onların tabe olduqları rayon/şəhər İcra hakimiyyəti qurumları qanunsuzluq edərək əhalidən pul yığırlar.
Bir daha qeyd edirəm əhalinin tam hüququ var ki, JEK-lərə mənzil haqqı verməsin. JEK-lər zəhmət çəksin özəlləşdirilməyən evlərə xidmət göstərib haqlarını alsınlar. Özəl mülkiyyətə isə əvvəla müqaviləsiz yaxın dura bilməz, ikincisi isə hətta müqavilə ilə yaxın dura bilməz. Mənzil Məcəlləsinə görə, həmin müqavilənin hüquqi qüvvəsi olmayacaq.

Yaranmış vəziyyətin əsas günahkarı hökumətdir. Məhz hökumətin öz qanunlarına hörmət etməməsinin nəticəsidir ki, JEK-lər əhali, MTK-lar sahə mülkiyyətçiləri üz-üzə qalıblar. Ölkədə mənzil siyasətinə məsul olan İqtisadiyyat Nazirliyi isə 2019-cu ildə prosesdən kənarlaşdırılıb. Nəzarət qalıb İcra hakimiyyətlərin əlində. O İcra hakimiyyətləri ki, JEK-lər vasitəsilə əhalidən qanunsuz pul yığmağı davam etdirilər.

Samir Əliyev, iqtisadçı ekspert



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu