Kolumbiyada bütün həbsxanalarda fövqəladə vəziyyət elan edilib
Kolumbiyada hökumət cinayətkar dəstələrlə mübarizə çərçivəsində bütün ölkədəki həbsxanalarda fövqəladə vəziyyət elan etdiyini açıqlayıb.
Ədliyyə naziri Nestor Osuna keçirdiyi mətbuat konfransında qərarın son həftələrdə həbsxana məmurlarına qarşı törədilmiş zorakılıq hadisələri səbəbindən verildiyini bildirib.
Təhlükəsizlik qüvvələrinin xüsusilə sıxlıq olan həbsxanalarda əməliyyatlar həyata keçirə biləcəyini ifadə edən Osuna, "Milli Həbsxana İnstitutu INPEC ilə görüşümüzdən sonra fövqəladə vəziyyət elan etmək qərarına gəldik. Məqsədimiz həbsxanalardakı mühafizəçilərin təhlükəsizliyini təmin etməkdir.” deyə qeyd edib.
Osuna həbsxanalarda axtarışlar həyata keçirilə biləcəyini, cinayət törətdikləri aşkarlananların başqa həbsxanalara köçürüləcəyini bildirib.
Fevralın 10-da Valle del Kauka inzibati bölgəsindəki Tulua şəhərində INPEC-in yüksək vəzifəli məmurlarından biri olan Xesus Kardenas iki silahlı şəxsin hücumuna məruz qalıb və ölüb.
Hücumun həbsxanalara bağlı dəstə üzvləri tərəfindən həyata keçirildiyi təxmin edilir.
Təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı “La İnmaculada” adlı dəstə başçısı və “Nacho” ləqəbli Maurisio Marin Silva yaxalanıb.
Əməliyyatdan sonra dəstə üzvləri yol polisini öldürüb, 8 avtomobili yandırıblar.