Finlandiya Rusiya sərhədindəki keçid məntəqələrini qeyri-müəyyən müddətə bağlayır
Finlandiya daha əvvəl bağlanmış keçid məntəqələrinin və Rusiya sərhədindəki bəzi limanların qeyri-müəyyən müddətə bağlı qalacağını açıqlayıb.
Finlandiya Daxili İşlər Nazirliyindən verilən açıqlamada, bildirilib ki, hökumət Rusiya sərhədindəki keçid məntəqələrinin aprelin 15-dən etibarən bağlı qalmasına qərar verib.
Haapasaari, Nuijamaa və Santio limanları da aprelin 15-dən qeyri-müəyyən müddətə turist gəmiləri üçün bağlanacaq.
Son illərdə Suriya və Somali kimi ölkələrdən gələnlərin sayının artmasının ardından ötən ilin sonunda Rusiya ilə quru sərhədlərini bağlayan Finlandiya bu tədbirlərlə ölkəyə qeyri-qanuni immiqrant axınının qarşısını almağı hədəfləyir.
Bəyanatda Finlandiyaya qeyri-qanuni mühacir axınının davam edəcəyi təqdirdə bunun Finlandiyanın milli təhlükəsizliyi və ictimai asayişi üçün ciddi təhlükə yaradacağı vurğulanıb.
Helsinkinin Moskvanın “hibrid əməliyyatı” olaraq xarakterizə etdiyi qeyri-qanuni mühacirlərə görə iki ölkə arasında həftələrdir davam edən gərginlikdən sonra Finlandiya 28 noyabr 2023-cü ildə Rusiya ilə bütün sərhədini müvəqqəti olaraq bağladığını açıqlayıb.
Finlandiya fevral ayında verdiyi bəyanatda sərhədin bağlanmasının aprelin 14-dək davam edəcəyini açıqlamışdı.