Stoltenberq: Ukraynanın Rusiyadakı qanuni hədəfləri vurmaq hüququ var
NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, Rusiyaya qarşı döyüşən Ukrayna beynəlxalq hüquq çərçivəsində bu ölkədə qanuni hərbi hədəflərə zərbə endirmək hüququna malikdir.
NATO-nun yeni üzvü İsveçdə səfərdə olan Stoltenberq İsveçin baş naziri Ulf Kristerssonla birgə mətbuat konfransı keçirib.
Stoltenberq İsveçin müxtəlif yollarla kollektiv müdafiə və təhlükəsizliyə töhfə verdiyini və NATO-nun Ukraynaya dəstəyi üçün yaxşı və güclü bir çərçivə yaratmağa çalışdıqlarını bildirib.
Avropa qitəsi üçün təhlükəsizlik probleminə çevrilən Ukrayna müharibəsini dəyərləndirən Stoltenberq, "NATO-nun Ukrayna ilə bağlı uzunmüddətli öhdəliyi nə qədər güclü olarsa, Ukraynadakı müharibə bir o qədər tez bitə bilər" - deyə qeyd edib.
Stoltenberq həmçinin bildirib ki, Ukraynanın özünümüdafiə hüququ var və bu hüquqa hücum edən tərəf olan Rusiya ərazisindəki qanuni hərbi hədəfləri vurmaq daxildir.