Xırdalanda bələdiyyə məzarları dağıtdı - VİDEO


Xırdalan qəbiristanlığında məzarlar dağıdılıb.


Bu haqda AFN.az-a məzarı dağıdılan mərhumların yaxınları məlumat veriblər. Bildirilir ki, təxminən 1 ilə yaxındır qəbiristanlıqdan keçən yolun abadlaşdırılması prosesi çərçivəsində qəbirlər dağıdılıb.
“Görünür, ağır texnika salıblar, iş görüləndə dəyib dağılıb. Buna bir sözümüz yoxdur, amma dağıtdıqlarını düzəltsinlər heç olmasa. Neçə aydır yol döyürük bələdiyyəyə. Bizə deyirlər gedin Abşeron Rayon İcra Hakimiyyətinə deyin. Niyə dağıdanda siz dağıdırsız, deyəndə icraya deyək?” – deyə şikayətçilərdən biri saytımıza bildirib.
O, qeyd edib ki, vaxtilə burda yaxınları üçün məzar yerləri alıblar. Bunun üçün böyük məbləğdə pul ödədiklərini b ildirən şikayətçinin sözlərinə görə, məzar yerinin ətrafındakı yer də zəbt edilib: “Vaxtilə burda məzar yeri alanda artıq pul verib bir neçə yerlik almışıq, oranı da qatıblar yola. Olsun, etiraz etmirik, yol çəkiblər nəticədə, amma heç olmasa dağıtdıqlarını bərpa etsinlər, bizi ötür-ötürə salmasınlar”.
Redaksiyamıza mövcud şəraiti əks etdirən video da təqdim edilib. Videodan da görünür ki, yol çəkilişi zamanı bəzi məzarların ətrafına çəkilən barı dağıdılıb, sonra daşlar yenidən üst-üstə yığılıb. Lakin bu zaman heç bir bərkitmə işləri aparılmayıb. Elə bunun özünün təhlükəli vəziyyət yaratdığını nəzərə alsaq, məzarlıqda yolçəkmə işinin “plan doldurma” xatirinə aparıldığını deyə bilərik.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab verilməsə də, müvafiq bələdiyyədən redaksiyamıza zəng gəldi. Özünü Xırdalan bələdiyyəsinin sədri Orxan Musayev kimi təqdim edən şəxs əvvəlcə sakinlərin həmin əraziləri zəbt etdiyini dedi. Lakin qeyd etdi ki, buna baxmayaraq, ərazidə abadlıq işləri aparılıb: “Pis iş görməmişik ki. Əvvəllər insanlar yaxınlarını, doğmalarını ziyarət etmək üçün zülüm çəkirdilər, indi rahat yol çəkilib. İş prosesində olur belə hallar, mərhumların yaxınlarına da bildirilib, bərpa olunacaq”.
Təxminən 1 ay müddətində şikayətçi olan məzar sahiblərinə yalan vədlər verilməsinə baxmyaraq, Xırdalan bələdiyyəsi heç bir bərpa prosesinə başlamadı. Şikayətçilər isə qəbiristanlıqda aksiya keçirəcəklərini bildirilər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu