Naxçıvanda dördüncü "Müharibə iştirakçıları üçün biznes təlimləri" keçirilib - FOTOLAR


"Vətən bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə Naxçıvan Muxtar Respublikasında reallaşdırdığı "Müharibə iştirakçıları üçün biznes təlimləri"nin dördüncüsü Babək rayonunda baş tutub.


Təlim başlamazdan öncə şəhidlərimizin və ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Babək rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Asif Hacıyev çıxış edib. O, belə təlimlərin artıq Naxçıvanda da reallaşmasını şəhid ailələri və qazilərə həm də əlavə bir diqqət və qayğının təzahürü kimi qiymətləndirib.

Layihə rəhbəri, "Vətən bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin rəhbəri Emin Tarverdiyev çıxış edərək Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə baş tutan təlimin məqsəd və mahiyyəti barədə məlumat verib: "Artıq Naxçıvan Muxtar Respublikasında dördüncü təlimə start vermişik. Geridə qalan 3 təlimdə əldə etdiyimiz müsbət nəticələr var ki, qısa zamanda biz onları açıqlayacaq, ictimaiyyətə məlumat verəcəyik. Bu, ictimai birlik olaraq həm bizim, həm də təlimin donoru olan QHT-lərə Dövlət Dəstəyi Agentliyinin vətəndaş cəmiyyəti nümayəndələrinə verdiyi dəstəyin göstəricisidir. Biznes sözü eşidəndə bəzən çoxları bunu bir qlobal problem sayır. Amma düzgün strategiya ilə qurulmuş biznes bir daha sübut edir ki, sahibkarlıq fəaliyyəti ilə məşğulluq indiki dövrdə sənin asılılığını sıfıra endirir. İnanıram ki, bu tip təlimlər sizin həyatınızda da dönüş nöqtəsi yaradacaq. Təlimimizdə iştirak edən hər bir kəsə təşəkkür edirəm". E.Tarverdiyev təlimin keçirilməsi üçün yaratdıqları şəraitə görə Babək rayon İcra Hakimiyyətinin rəhbərliyinə və "Naxçıvan Şəhid ailələri ictimai birliyi"nə, o cümlədən təlimin işıqlandırılmasında rolu olan yerli media qurumlarına da minnətdarlığını bildirib.

Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisin deputatı Turan Məmmədli qonaqları salamlayaraq bu gün dövlətin şəhid ailələrinə, qazilərə göstərdiyi diqqət və qayğıdan söz açıb. Təlim iştirakçılarına uğurlar arzulayan Ali Məclisin deputatı belə tədbirlərin faydalılığından danışıb: "Bu təlimlər bəzən bir insanın həyatını dəyişə bilir. Bunu sübut edən çoxlu faktlar var. İnanıram ki," Vətən bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin bu təlimi Naxçıvandakı şəhid ailələri və qazilərimiz üçün də faydalı olacaq, onlar bundan bəhrələnəcəklər. Bu təlimə görə də fürsətdən istifadə edib Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə," Vətən bağı" Sosial Təşəbbüslər İctimai Birliyinə uğurlar arzulayıram".

Təlimin bu gün üçün aktuallığını diqqətə çatdıran təlimçi Vüsal Novruzov biznesə başlayamaq üçün görüləcək işlər, atılacaq ilkin addımlar barədə müfəssəl informasiyanı təlim iştirakçılarının diqqətinə çatdırıb. Təlim iştirakçıları arasında aparılan pre və post testlərin nəticələri barədə danışan Vüsal Novruzov vəziyyətin artıq Naxçıvan MR üçün əla olduğunu vurğulayıb: "Muxtar Respublikada artıq dördüncü təlimimiz baş tutur. Şahbuz rayonundakı təlimdə bir qazimiz bizdən dəstək olmağımızı istədi və biz sevə-sevə ona bu işdə dəstək olduq, ona biznes planının tərtib olunması, brendin yaradılması, loqo və sloqan seçimində yardım əlimizi uzatdıq, köməkliyimizi əsirgəmədik. Şərur və Kəngərli rayonunda baş tutan təlimlərdə isə artıq hiss edirdik ki, iştirakçıların gözləntiləri böyükdür. Kəngərlidə baş tutan təlimdə də bir qazimiz üçün dəstəyimizi göstəririk". Biznesə başlamaq üçün gözə görünən və görünməyən risklərdən danışan təlimçi onlara bu işdə əllərindən gələn bütün köməklikləri göstərəcəyini diqqətə çatdırıb.
Sonra təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, müraciətlər dinlənilib, ilkin biznes mərhələsinə start vermək üçün lazımı bilgilər verilib.
















































AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu