Keir Starmer Pezeşkiana zəng edib: İsrailə hücum etməyin
Böyük Britaniyanın baş naziri Keir Starmer İran prezidenti Məsud Pezeşkianı İsrailə hücum etməkdən çəkinməyə çağırıb.
İngiltərə baş nazirinin 10 nömrəli ofisindən verilən açıqlamaya görə, Starmer Pezeşkian ilə telefon danışığında Yaxın Şərqdəki hadisələrlə bağlı narahatlığını dilə gətirib.
Bütün tərəfləri bölgədə gərginliyi azaltmağa və qarşıdurmanın qarşısını almağa çağıran Starmer, artıq sakit və diqqətlə düşünməyin vaxtı olduğunu bildirib.
İranı İsrailə hücum etməkdən çəkinməyə dəvət edən Starmer müharibənin heç kimin xeyrinə olmadığını bildirib.
Qəzzada dərhal atəşkəs, məhbusların azad edilməsi və bölgəyə humanitar yardımların artırılması çağırışlarını xatırladan Starmer, bunlara nail olmaq üçün diplomatik təşəbbüslərin vacibliyini vurğulayıb.
İrandakı əcnəbi məhbusların vəziyyətinə də toxunan Starmer, onların lazımi tibbi dəstək almalarının təmin edilməli olduğunu qeyd edib.
İki lider Böyük Britaniya və İran arasında konstruktiv dialoqun hər iki ölkənin maraqlarına uyğun olduğu barədə razılığa gəliblər.
Starmer vurğulayıb ki, konstruktiv dialoq yalnız İranın Yaxın Şərqdəki fəaliyyətinə son qoyması, İranın Böyük Britaniyada bəzi insanlara qarşı təhdidlərinin aradan qaldırılması və Rusiyaya dəstəyin dayandırılması ilə mümkün ola bilər.
Mənbə: AA