ADSEA-nın qazi əməkdaşları mükafatlandırılıb -
8 Noyabr Zəfər Günü münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi də silsilə tədbirlər keçirir.
Qurumun mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə, II Qarabağ müharibəsi iştirakçılarının mükafatlandırılması məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Nəqliyyat və Xüsusi Texnika İdarəsində xüsusi mərasim gerçəkləşib. Mükafatlandırma mərasimində 32 vətən müharibəsi iştirakçısına qiymətli hədiyyələr və pul mükafatları təqdim edilib.
Tədbirdə çıxış edən ADSEA-nın nümayəndələri və idarənin rəisi Samir Cəbrayılov qeyd ediblər ki, Azərbaycanın müstəqilliyi naminə vuruşan hər əsgər, qazi, vətən müharibəsi döyüşçüsü hər zaman ADSEA rəhbərliyi tərəfindən qürurla anılır və diqqətdə saxlanılır.
İdarənin əməkdaşları olan qazilər də çıxışlarında onlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan razılıqlarını bildiriblər. Vətənin inkişafı və parlaq gələcək naminə bundan sonra da səylə fəaliyyət göstərəcəklərini vurğulayıblar.