TADİV Rusiyanın Azərbaycandan üzr istəməsini tələb edən bəyanat yayıb


Ankarada yerləşən Türkiyə Azərbaycan Dostluq Əməkdaşlığı və Həmrəyliyi Fondunun (TADİV) Strategiya Araşdırmaları Mərkəzi İctimai Anons dərc edərək Rusiyanın Azərbaycandan üzr istəməsini tələb edən bəyanat yayıb.



Bəyanatda aşağıdakı ifadələr yer alıb:

“25 dekabr 2024-cü il tarixində Bakı-Qroznı reysini həyata keçirən “Azərbaycan Hava Yolları” QSC AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması, 38 nəfərin həyatını itirməsi, 29 nəfərin yaralanması bizi dərindən kədərləndirir. Biz də faciəli hadisədən sonra Azərbaycanın elan etdiyi bir günlük matəm çərçivəsində bu ağrıya şərik olur, həyatını itirənlərə rəhmət, yaralananlara şəfa diləyir, Azərbaycan xalqına və Türk Dünyasına başsağlığı veririk. Hələlik tərəflər tərəfindən təfərrüatlı rəsmi məlumat ictimaiyyətə açıqlanmasa da təyyarənin gövdəsində olan zədə izlərindən və Azərbaycandakı rəsmi qurumların verdiyi məlumatdan belə anlaşılır ki, hadisə Rusiya Federasiyası hava məkanında Qroznı yaxınlığından atılan raketin dəyməsi nəticəsində baş verib. Bu, müasir beynəlxalq hüququn bütün normaları, xüsusən də beynəlxalq mülki aviasiya qaydaları baxımından ən ciddi pozuntudur. Rusiya Federasiyası; ilk növbədə milli hava məkanının mülki uçuşlar üçün təhlükəsiz olmasını təmin etmək üçün məsuliyyət daşıyır. Bundan əlavə, ictimaiyyətə əks olunan məlumatlar arasında Rusiya Federasiyasında hava nəzarətinə cavabdeh olan səlahiyyətlilərin zədələnən təyyarənin yaxınlıqdakı hava limanlarına enməsinə icazə verməməsi də var. Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Bu baxımdan; İkitərəfli münasibətlərin çox yaxşı nöqtəsində olan Rusiya Federasiyası ilə Azərbaycan arasında münasibətlərin korlanmaması, Azərbaycan, Türkiyə və Türk Dünyası ictimaiyyətinin haqlı reaksiyalarına cavab vermək, ümumiyyətlə, qurbanların və onların ailələrinin ağrılarının ortaq olduğunu göstərmək üçün Rusiyanın rəsmi açıqlama verməsini gözləyirik. Bu izahatda mütləq səmimi üzr istəmə və lazımi təzminat olmalıdır. Hörmətlə ictimaiyyətə təqdim edirik”.

Qısa adı TADİV olan və Türkiyə ilə Azərbaycan arasında hər sahədə əlaqələrin daha da inkişafına töhfə vermək məqsədilə 27 il əvvəl yaradılan və fəaliyyəti Türkiyə ictimaiyyəti tərəfindən maraqla izlənilən vəqfin prezidenti prof. Dr. Aygün Attar açıqlamasının ingilis və rus dillərində sosial media vasitəsilə Kremlə və Rusiya prezidenti Putinə ünvanlandığını açıqlayıb.

Mənbə: Haber Global



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu