Xanımım küçədə uşaq görən kimi ağlayır... - Perinatal Mərkəz işi


Respublika Perinatal Mərkəzindəki yanğında 7 körpənin ölməsi ilə bağlı məhkəmə istintaqı davam edir.


“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxslərdən sonuncusu Elnur Əhmədli ifadə verib.

Elnur Əhmədli Perinatal Mərkəzin dəstək şöbəsinin müdiri işləyib. O, Mərkəzin rəhbəri Mehriban Abasquliyeva və Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayevlə birgə mühakimə edilir. Təqsirləndirilən şəxslərin heç biri həbsdə deyil, hökmə qədər barələrində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

E.Əhmədli verilmiş ittihamlara münasibətdə özünü təqsirli bilməyib.

İstintaq materiallarında yazır ki, Fövqəladə Hallar Nazirliyi bu faciəyə qədər Perinatal Mərkəzdə üç dəfə yoxlama keçirib. Yoxlamaların hamısında pozuntular aşkar edilib, müvafiq akt qəbul edilib.

Prokuror bu məsələ ilə bağlı təqsirləndirilən şəxsdən cavab istəyib. Amma E.Əhmədli həmin vaxt hələ Mərkəzdə çalışmadığını qeyd edərək, suala cavab verə bilməyəcəyini deyib.

Prosesin davamında yanğın nəticəsində 9 günlük körpəsini itirən Emil Abbasəliyev ifadə verib.

Emil körpəsinin ölümünə görə ittiham olunan şəxsləri bağışlamır, qanuna uyğun olaraq cəzalandırılmalarını istəyir: “Körpəmizin ölümündən bir il keçsə də, həyat yoldaşım özünə gələ bilmir, küçədə uşaq görən kimi ağlayır. Mən bu təqsirləndirilənlərin üçünü də məhkəmədə tanımışam. İşin necə olacağını bilmirəm. Əgər sübut olunsa ki, hadisəyə səbəbkardırlar, qanunun icazə verdiyi ən ağır cəzaya məhkum edilmələrini istəyirəm”.

Hüquqi varisin dediyinə görə, hadisədən sonra Perinatal Mərkəzin rəhbərliyindən heç kim onunla əlaqə saxlamayıb: “Bunlardan soruşun ki, bu günə kimi mənə heç başsağlığı veriblərmi? Xeyr. Heç kim mənimlə əlaqə saxlamadı. Deyirlər ki, hamı ilə barışıq əldə edilib. Belə deyil. Mənimlə heç kim barışmayıb”.

Mərhum körpənin atası hələ hadisədən əvvəl Perinatal Mərkəzdəki şəraitin pis olduğundan danışıb. O bu sözləri həyat yoldaşının dilindən eşitdiyini deyib: “Həyat yoldaşım ana olan gün mənə zəng etdi. Onu xəstəxanadan çıxarmağımı istədi. Səbəb kimi də anti-sanitariya və laqeydliyi göstərmişdi”.

Proses digər hüquqi varislərin iştirakını təmin etmək məqsədilə təxirə salınıb.

Xatırladaq ki, hadisə ötən ilin yanvarında baş verib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu