7 körpənin öldüyü yanğınla bağlı məhkəməyə məcburi gətiriləcəklər

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı təqsirləndirilən mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyevanın, sabiq şöbə rəisləri Hamlet Mus tafayev və Elnur Əhmədlinin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.
AFN.az "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verib.
İfadə verən zərərçəkənlərdən biri də Perinatal Mərkəzin Təcili Tibbi Yardım şöbəsinin əməkdaşı Gülbahar Zülfüqarova olub.
O bildirib ki, mərkəzdə yanğın baş verəndə bir neçə nəfərlə söndürməyə çalışıblar:
"Anaları döşək qarışıq bayıra çıxarırdıq, özləri gəzə bilmirdilər. Biz qaçmadıq, hamımız orada idik. Mənim nəfəsimdən 15 gün qara tüstü çıxdı. Biz bunu kiməsə görə etmirdik, ora bizim evimiz idi. Mən gördüm ki, küvəz ortadan yanır. Soruşdum ki, kiməsə zəng etmisiz? Dedilər ki, "102"yə zəng etmişik. Doğum şöbəsinə qayıdıb "112"yə və Mehriban xanıma zəng elədim. Yenidən qayıtdım ora, küvəzlə yanaşı, jalüz də yanırdı. Biz bir neçə nəfərlə yanğını söndürməyə çalışırdıq. Mən özümü zərərçəkən hesab etmirəm. Təqsirləndirilən şəxslərə qarşı da hər hansı bir tələbim yoxdur".
Zərərçəkən Vaqif Hacıyevin sözlərinə görə, Perinatal Mərkəzdə mühafizəçi işləyib:
"Mühafizə Polisi ilə birgə xəstəxananın mühafizəsini təşkil edirdik. Həmin vaxt xəstə yox idi. Sonra kimsə dedi ki, dördüncü mərtəbədə yanğın var. Yanğınsöndürən balonu götürüb həmin mərtəbəyə getdim. Tüstüdən otağa yaxınlaşmaq mümkün deyildi. Küvəzin yandığını görmürdüm. Uzaqdan yanğını söndürməyə çalışırdıq. Yanğın baş verəndə siqnalizasiyanın işə düşdüyünü eşitmədim. Bir neçə dəfə yanğınla bağlı təlimlərdə iştirak etmişəm. Ona görə də bu sahədə müəyyən biliklərim var idi. Biz küvəzləri aşağı düşürməyə çalışırdıq. Həmin vaxt Mehriban xanımla Elnur müəllim də orada idi. Mən özümü zərərçəkən hesab etmirəm. Təqsirləndirilən şəxslərə qarşı da hər hansı bir tələbim yoxdur".
Daha sonra məhkəmədə iştirak etmək istəməyən bir neçə zərərçəkən barəsində məcburi gətirilmə qərarı çıxarılıb.
Proses aprelin 28-də davam edəcək.
Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.