4 milyon yumurta qoyulmuş inkubator, 1 milyon toyuq - "Giləzi quşçuluq" da seldən zərər gördü

Dünən yağan yağış Giləzi Quşçuluğa böyük zərər vurub.
AFN.az xəbər verir ki, bu barədə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının Mətbuat xidmətinin rəhbəri Dünya Sakit məlumat verib. Onun sözlərinə görə, yaxınlıqdan keçən kanalın suyu açılaraq əraziyə buraxılıb. Nəticədə Sitalçayda 4 milyon yumurta qoyulmuş inkubator, 1 milyon toyuq, kəsimxana və digər avadanlıqlar yerləşən binalar 1.5 metr suyun altında qalıb: "Ən dəhşətlisi budur ki, Fövqəladə Hallar Nazirliyinə saysız müraciətlərə baxmayaraq, əraziyə bir nəfər belə göndərilməyib, sahibkar bilmir nə etsin. Sonra da deyirik, orta və kiçik biznes niyə inkişaf etmir".
FHN-in mətbuat xidmətindən AFN.az-ın sorğusuna cavab olaraq bildirildi ki, sözügedən toyuqçuluq təsərrüfatı su kanalının kənarında yerləşir: "Yağışlarla əlaqədar su dolur və kanal daşır. Suyu çəkmək üçün kanalın qarşısı kəsilməlidir, o da bizim səlahiyyətimizdə deyil. Əməkdaşlarımız hadisə yerində olublar və baxış keçiriblər, mövcud vəziyyəti qiymətləndiriblər. Kanalın qarşısı kəsilsə, suyun gəlişi dayandırılsa, onu biz çəkə bilərik. Bu haqda təsərrüfat rəhbərliyinə də məlumat verilib".