Hazırda anbarlarda 40-50 milyon ədədə qədər yumurta var - APEPEA


Son günlər bəzi mənbələrdə Bakı şəhərində yumurta qıtlığının yaranmasına dair məlumatlar yayılır.


Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İctimaiyyətlə əlaqələr və analitika departamentindən AFN.az-a verilən məlumata görə, bir çox hallarda bu məlumatlar konkret bir vaxtda bir marketdə yumurtanın olmaması faktına əsaslanır: "Hansısa bir marketdə müəyyən vaxtda yumurtanın olmaması qıtlıqdan xəbər vermir. Son həftələrdə Azərbaycanda yumurtanın ciddi ucuzlaşması baş verib. Bir çox marketlər bol məhsulu satmaq üçün onu 6-7 qəpiyə təklif ediblər. Nəticədə, marketlərdəki yumurtalar sürətlə satılıb, yerinə təzə məhsul gətirilənə qədər olan qısa müddətdə satışda yumurta olmayıb.
Bildiririk ki, hazırda Azərbaycanda süfrə yumurtasına olan gündəlik tələbat 4 milyona yaxındır. Faktiki istehsal isə 6 milyon civarındadır. Bu istehsalın az bir qismi xaricə ixrac olunsa da, daxili tələbatı artıqlaması ilə ödəyəcək sayda ölkədə qalır. Hazırda anbarlarda 40-50 milyon ədədə qədər yumurta var. Bu bolluğun nəticəsidir ki, son həftələrdə qiymətlər 13-14 qəpikdən 8-9 qəpiyə qədər ucuzlaşıb. Halbuki ötən ilin bu vaxtında qiymətlər 15-16 qəpik idi.
Məhz məhsul bolluğuna görə maya dəyəri 12-14 qəpik olan yumurtanın qiyməti 8-9 qəpiyə qədər ucuzlaşıb: İstehsal tələbatdan yüksək olduğu üçün reallaşdırılmasında çətinliklər var.
APEPEA olaraq bəyan edirik ki, heç bir kütləvi tələfat halı qeydə alınmazsa, mövcud istehsal gücləri ilə 2025-ci il ərzində hər hansı yumurta qıtlığı və ya bahalaşma gözlənilmir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu