Şahin Şıxlinskinin oğlu barəsində həbs-qətimkan tədbiri seçilə bilər

Xəbər verdiyimiz kimi, Azərbaycanın Yekaterinburqdakı diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinski Yekaterinburqda saxlanılıb və o, Rusiya Cinayət Məcəlləsinin 91-ci maddəsi ilə ikisutkalıq həbsdədir.
AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sverdlovsk vilayəti məhkəmələrinin birləşmiş mətbuat xidmətindən TASS-a bildirilib ki, bu gün Leninski məhkəməsi Mütvəli Şıxlinski barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxacaq.
Qeyd edilib ki, o, atasının həbsi zamanı təhlükəsizlik qüvvələrinin əlindən qaçmağa cəhd edərək Rusiya Milli Qvardiyasının zabitlərindən birinə xəsarət yetirib.
Sverdlovsk vilayətinin Vəkillər Kollegiyasının prezidenti İqor Putintsev də agentliyə bildirib ki, M. Şıxlinski hökumət nümayəndəsinə qarşı zorakılıq faktı ilə bağlı saxlanılıb: “Biz indi İstintaq Komitəsindən bu məlumatı almışıq. Mütvəli Şıxlinski hüquqşünasdır”.
Bundan əlavə, Moskvada Şahin Şıxlinskiyə qarşı da cinayət işi açılıb.
Xatırladaq ki, Şahin Şıxlinski və oğlu Mütvəli Şıxlinski iyulun əvvəli Yekaterinburqda vəhşicəsinə saxlanılmışdılar.