Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiyalar paketini hazırlayır

Avropa İttifaqı Xarici İşlər Nazirliyinin rəhbəri Kaja Kallas bildirib ki, icma Rusiyaya qarşı 19-cu sanksiyalar paketi üzərində işləməkdədir.
AFN.az xəbər verir ki, o, bu barədə jurnalistlərə Aİ xarici işlər nazirlərinin Alyaskada keçiriləcək Rusiya-ABŞ sammiti ilə bağlı təcili çağırılan videokonfransından sonra açıqlama verib.
Kallasın fikrincə, Rusiya tam və qeyd-şərtsiz atəşkəsə razılaşana qədər Aİ güzəştlərdən danışmamalıdır. O hesab edir ki, hərəkətlər ardıcıllığına əvvəlcə ciddi monitorinq sistemi və dəmir zəmanətlərlə şərtsiz atəşkəs, daha sonra isə istənilən danışıqlar daxil edilməlidir.
Bu baş verməyincə, Kallas 19-cu sanksiyalar paketi üzərində işləməyə davam edəcəklərini bildirib. Daha əvvəl o, transatlantik birliyin möhkəmləndirilməsi, Ukraynaya dəstək və Rusiyaya təzyiq vasitəsilə münaqişəyə son qoymaq istədiyini vurğulamışdı.
Aİ xarici işlər nazirlərinin videokonfransının əsas mövzusu isə Almaniya kansleri tərəfindən avqustun 13-də təşkil ediləcək, Aİ liderləri, Avropa Komissiyasının rəhbəri və NATO baş katibi ilə Ağ Evin sahibinin telefon danışığına hazırlıq olub.