BMT Baş Assambleyasının 80-ci sessiyası başlayıb


Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 80-ci sessiyası yeni Baş Assambleya Sədri Annalena Berbokun rəhbərliyi ilə açılıb.

Bir dəqiqəlik sükutla başlayan iclasda Berbok BMT-nin 80-ci Baş Assambleya Sədri kimi ilk çıxışını edib.

Berbok Qəzzada, Əfqanıstanda, Sudanda baş verən hadisələrə işarə edərək “Açılışı qeyd etmək əvəzinə bəziləri ‘Bizi cəhənnəmdən qurtarmaq üçün qurulan BMT hanı?’ deyə soruşa bilər. Bizim cavabımız aydındır – buradayıq və təslim olmuruq” deyib.

BMT-də baş verən çətinliklərə və diplomatiyadakı məyusluqlara baxmayaraq dünya xalqları üçün bir araya gələcəklərini bildirən Berbok, BMT prinsiplərini hər şərt altında müdafiə etməyə davam edəcəklərini vurğulayıb.

O, dünyanın BMT-siz heç bir halda daha yaxşı vəziyyətdə ola bilməyəcəyini, ehtiyac duyulan sahələrdə BMT-dən başqa alternativ olmadığını deyərək, BMT-nin dünyadakı bütün ölkələri bir araya gətirə biləcək yeganə təşkilat olduğunu əlavə edib.

Berbokun sözlərinə görə, BMT yeni dövrdə əsas hədəfləri olan sülh, təhlükəsizlik, dayanıqlılıq, inkişaf və insan haqları istiqamətində fəaliyyətini davam etdirəcək və bu sahədə heç bir ayrı-seçkilik etmədən Baş Assambleyanın 193 üzvünə və təşkilatlara xidmət göstərəcək.

BMT Baş katibi Antonio Quterreş də iclasda çıxış edərək, tarixdə 5-ci qadın Baş Assambleya Sədri seçilən Berboku təbrik edib və keçmiş Almaniya xarici işlər naziri kimi diplomatik təcrübələrini vəzifəsinə daşıyacağını söyləyib.

Quterreş 80 il əvvəl BMT-nin qurucularının təkcə müharibə kimi fəlakətlərin qarşısını almaq üçün deyil, həm də yoxsulluq, aclıq, xəstəlik və bərabərsizlik kimi bəşəriyyətin problemlərini həll etmək üçün ilk dəfə San Fransiskoda toplandıqlarını xatırladaraq “BMT bu mövzuda məkan, BMT Nizamnaməsi isə zəruri vasitələr təqdim edir” deyib.

Baş katib vurğulayıb ki, Baş Assambleyada birlik olmadan BMT Nizamnaməsi təkbaşına faydalı ola bilməz.

Quterreş çıxışını “Bu 80-ci sessiyaya başlayarkən bütün üzv dövlətləri və nümayəndələri 1945-ci ildə San Fransiskoya gətirilən eyni qətiyyət və iradə ruhunu nümayiş etdirməyə çağırıram. Onların vizyonuna və ən əsası, bu gün dünyanın hər yerində insanların gözlənti və ümidlərinə uyğun davranaq” deyə tamamlayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu