Almanların 82 faizi İsrailə verilən hərbi dəstəyə qarşıdır
Almaniyada aparılan sorğuya görə, almanların əksəriyyəti hökumətin İsrailə verdiyi hərbi dəstəyə qarşı çıxır.
Körber Fondunun Forsa İctimai Rəy Araşdırma İnstitutuna sifarişi ilə keçirilən sorğuda almanların 82%-i İsrailin Qəzza hücumlarına verilən hərbi dəstəyə qarşı olduqlarını bildirib.
İştirakçıların yalnız 15%-i İsrailə hərbi dəstəyə razılıq verib.
15–26 sentyabr tarixlərində 1500-dən çox almanla keçirilən sorğuda iştirakçıların 73%-i Alman hökumətinin İsrailə qarşı daha güclü diplomatik təzyiq göstərməli olduğunu qeyd edib.
Sorğu həmçinin almanların tarixi öhdəliklərə baxışında əsaslı dəyişiklikləri ortaya qoyub. Almanların 60%-i ölkələrinin Holokost (yəhudi soyqırımı) səbəbindən İsrail qarşısında xüsusi məsuliyyəti olduğu fikrini rədd edərkən, yalnız 38%-i bu ənənəvi mövqeyi dəstəkləyib.
Xatırladaq ki, Almaniya 8 oktyabr 2023–5 iyun 2025 tarixləri arasında İsrailə ümumilikdə 492 milyon avro dəyərində silah satışına icazə verib.
Almaniya Kansleri Fridrix Merz artan ictimai təzyiq səbəbindən avqustda İsrailə silah ixracına məhdudiyyətlər qoymuş, lakin bu məhdudiyyətlər 24 noyabr 2025-ci il tarixinə qədər aradan qaldırılmışdı.
Sorğuda həmçinin almanların 73%-i ABŞ-la əlaqələri “pis” qiymətləndirərək, bu ölkəni artıq ən önəmli tərəfdaş hesab etmədiklərini bildirib. ABŞ-ı önəmli tərəfdaş hesab edənlərin nisbəti isə 26% olub.
Almanların fikrincə, ABŞ üç ildən sonra ilk dəfə Almaniyanın xarici siyasətində ən vacib tərəfdaş mövqeyindən çıxıb. Bunun əvəzinə iştirakçıların 46%-i Fransanı xarici siyasətdə əsas tərəfdaş hesab edir.
Sorğuda iştirakçıların yalnız 38%-i ABŞ-ı Ukraynada müharibə ilə bağlı etibarlı tərəfdaş, 3%-i isə ABŞ-ı Almaniyanın dünyadakı demokratiya mübarizəsində tərəfdaş hesab edir.


