Saatlının Mollavazlı və Bəylər kəndləri içməli su ilə təmin olunub


Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Bu işlərin davamı olaraq, Saatlı rayonunun Mollavazlı və Bəylər kəndlərində içməli su layihəsinin açılış mərasimi keçirilib.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini İlham Bayramov, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Agentliyin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin nümayəndələri və kənd sakinləri iştirak ediblər. Bildirilib ki, hazırda bir çox bölgələrdə əhalinin içməli və suvarma suyu ilə təminatı istiqamətində böyük layihələr icra olunur və növbəti illərdə də davam etdiriləcək. Əsas məqsəd kəndlərdə yaşayan əhalinin dayanıqlı və keyfiyyətli içməli, eləcə də suvarma suyu ilə təmin olunmasıdır.

Məlumat verilib ki, Saatlı rayonu, Mollavazlı və Bəylər kəndində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədi ilə şəhərin mövcud su təchizatı sisteminin imkanlarından istifadə etməklə kənddaxili şəbəkə sistemi inşa olunub. Mollavazlı kəndinin mövcud su şəbəkəsinin genişləndirilməsi üçün 7 km uzunluğunda su şəbəkəsi inşa olunub və abonentlərin sayı 350-yə çatdırılıb. Eyni zamanda, Bəylər kəndində 4 km uzunluğunda su şəbəkəsi inşa edilib və abonentlərin sayı 296 nəfərə çatdırılıb. Hər iki kənd üzrə əhaliyə verilən suyun dəqiq uçotunun aparılması və sudan qənaətlə istifadə məqsədilə hər bir abonent su sayğacı ilə təchiz olunub. Layihə çərçivəsində Mollavazlı və Bəylər kəndləri üzrə 3790 nəfər əhali mərkəzləşdirilmiş su təchizatı sistemi ilə təmin edilib.

Qeyd edək ki, Saatlı şəhərinin mövcud su təchizatı sistemi Kür Su Təmizləyici Qurğusundan magistral su kəmərləri vasitəsilə təmin olunur. Şəhərin 11.7 km magistral su kəməri, 136 km daxili paylayıcı şəbəkəsi, 2x5000 m³ həcmlərində su anbarları və 1 mərkəzi su nasos stansiyası istismar olunur. Şəhərin ümumi abonent sayı 4498, kənd abonentlərinin sayı 1281 təşkil edir. Ümumilikdə 5779 abonentə xidmət göstərilir. Rayon üzrə 11 yaşayış məntəqəsinə mərkəzləşmiş su təchizatı xidməti göstərilir. Həmçinin 26 kənddə modul tipli içməli su təmizləyici qurğular və bulaqlar vasitəsilə su təminatı həyata keçirilir.

2026-cı il ərzində layihənin davamı olaraq rayonun Əlisoltanlı və Potubəyli kəndlərində mərkəzləşdirilmiş su şəbəkəsi və sayğacların quraşdırılması, həmçinin su təminatı zəif olan Nabat və Çolpı kəndlərinin su təchizatı məqsədilə 2026-2027-ci illərdə su təchizatı sisteminin layihə sənədlərinin hazırlanması və tikintisi planlaşdırılır.

Sonda kənd ağsaqqalları göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, layihənin icrasında əməyi olan hər kəsə təşəkkür ediblər.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu