Daşkəsəndə içməli su ilə bağlı layihə yekunlaşmaq üzrədi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində Daşkəsən şəhərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə icra olunan layihə yekunlaşmaq üzrədir.
Artıq şəhərdə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb. Hazırda tullantı sutəmizləyici qurğunun inşası davam etdirlir.
Daşkəsən şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Daşkəsən şəhərində 12 min nəfər əhalinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Əhalini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün suyun Qarainək bulaqları və Gurbulaq su mənbələrindən verilməsi qərara alınıb. Bu məqsədlə hər iki mənbədə suqəbuledici qurğular inşa olunub. Su mənbələrindən şəhərə qədər 20 km magistral su kəməri çəkilib və ümumi həcmi 4500 kubmetr olan 4 su anbarı, 2 ədəd nasos stansiyası inşa edilib.
Daşkəsən şəhərində 17 km paylayıcı su şəbəkəsi tikilib, 2030 ünvana birləşmə verilərək sayğaclar quraşdırılıb. Yeni yaradılmış su təchizatı sistemi ilə Daşkəsən şəhərinə fasiləsiz suyun verilməsi təmin edilib. Şəhərin kanalizasiya infrastrukturu da yenidən qurulur. Bu məqsədlə 11,5 km uzunluğunda kanalizasiya şəbəkəsi inşa edilib. Tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə hazırda məhsuldarlığı sutkada 3500 kubmetr olan tullantı sutəmizləyici qurğunun inşası yekunlaşmaq üzrədir.
Layihə çərçivəsində 1500 min nəfər əhalinin yaşadığı Alunitdağ və Mədənçilər qəsəbələrinə də içməli suyun verilməsi nəzərdə tutulub. Ötən müddətdə Alunitdağ qəsəbəsinə suyun verilməsi təmin edilib.
İşçilərin əmək şəraitinin yaxşılaşdırılması, həmçinin istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə layihə çərçivəsində Daşkəsən Sukanal Sahəsi üçün müasir tipli inzibati bina inşa edilir.
Qeyd edək ki, Daşkəsən şəhərində 1950-60-ci illərdə yaradılmış ilk su təchizatı və kanalizasiya sistemləri şəhəri tam əhatə etmirdi və istismara yararsız vəziyyətə düşmüşdür.