ABŞ-da yanvardan bəri 85 min viza ləğv edilib
ABŞ Dövlət Departamentinin rəsmisi bildirir ki, yanvar ayından etibarən bütün viza növlərindən ümumilikdə 85 min viza ləğv edilib. Bu rəqəm ötən il ləğv edilən vizaların sayından iki dəfə çoxdur. Ləğv edilən vizalar arasında 8 mindən çox tələbə vizası da var.
Rəsmilər bildiriblər ki, bu yüksək sayı ABŞ Prezidenti Donald Tramp administrasiyasının həm ölkə daxilində miqrantları hədəf alan siyasətinin, həm də ölkəyə girişləri məhdudlaşdırmağa yönəlmiş daha geniş tədbirlərinin bir hissəsi kimi qiymətləndirmək olar.
Dövlət Departamentinin rəsmisi son bir ildə aparılan viza ləğvlərinin təxminən yarısının spirtli içki təsiri altında avtomobil sürmə, hücum və oğurluq kimi cinayətlər səbəbindən həyata keçirildiyini bildirib. Qalan viza ləğvlərinin detalları açıqlanmasa da, əvvəlki səbəblər arasında viza müddətinin bitməsi və terrorizmə dəstək göstərilir.
Viza ləğvləri ifadə azadlığı mövzusunda da müzakirələrə səbəb olub. Tramp administrasiyasının xüsusilə İsrailin Qəzzaya qarşı hücumuna etiraz edən beynəlxalq tələbələri hədəf aldığı, bu tələbələrin antisemitizm və terrorizmi dəstəkləməkdə ittiham edildiyi qeyd olunur.
Dövlət Departamenti ötən oktyabrda Çarli Kirkin öldürülməsini “təbrik etdikləri” iddia edilən şəxslərin vizalarının da ləğv edildiyini açıqlamışdı.
2023-cü ilin avqust ayında isə rəsmi şəxslər ABŞ-da etibarlı vizaya sahib 55 milyondan çox əcnəbi üçün “davamlı təhlükəsizlik yoxlaması” siyasətinin tətbiqinin planlaşdırıldığını bildiriblər.
Viza ləğvi əsasən viza müddətinin bitməsi, cinayət qeydləri, ictimai təhlükəsizlik üçün risk, terror fəaliyyətlərinə qatılma və ya terror təşkilatlarına dəstək kimi hallar zamanı həyata keçirilir.
Trampın ikinci dönəmində Dövlət Departamenti viza müraciətlərinə yoxlama meyarlarını genişləndirib. Son həftə göndərilən diplomatik yazışmaya görə, yüksək ixtisaslı işçilərə verilən H-1B vizaları üçün təkmilləşdirilmiş təhlükəsizlik yoxlaması çərçivəsində sosial media və məlumat doğrulama sahəsində çalışanların müraciətləri də rədd edilə bilər.
Dövlət katibi Marko Rubio may ayında amerikalıları senzura edən əcnəbilərə viza məhdudiyyəti tətbiq ediləcəyini açıqlamışdı.
İyunda isə səfirlik və konsulluqlara tələbələrin ABŞ vətəndaşlarına, mədəniyyətinə, hökumətinə və əsas dəyərlərinə qarşı düşmənçilik münasibəti göstərib-göstərmədiklərinin yoxlanması tapşırılıb.
Yeni qaydalara görə, tələbə vizası üçün müraciət edənlərdən sosial media hesablarını açıq etmələri tələb olunur.
Dövlət Departamentinin viza ləğvlərinə əlavə olaraq, Daxili Təhlükəsizlik Nazirliyi də saxlanma və sərhəddən xaric etmə əməliyyatlarını artırıb. Tramp administrasiyası miqrant qəbul proqramını böyük ölçüdə dayandırıb, Bayden dövründə qəbul edilən bütün qaçqınlar üçün yenidən yoxlamaların aparılacağını açıqlayıb.
Qeyd edək ki, bu ilin əvvəlində ABŞ-a giriş 19 ölkə üçün məhdudlaşdırılıb. Son həftə CNN-ə danışan mənbələr Daxili Təhlükəsizlik Naziri Kristi Noemun siyahını 30–32 ölkəyə çıxarmağı təklif etdiyini bildirib.
Bildirilir ki, bu təklif Vaşinqtonda iki Milli Qvardiya əsgərinin vurulduğu hücumdan sonra gündəmə gəlib. Hücumu həyata keçirən şəxsin Əfqanıstan vətəndaşı olduğu açıqlanıb.

