MEDİA-nın yaradılmasından beş il ötür
Bu gün Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılmasının 5 ili tamam olur.
Xatırladaq ki, MEDİA Prezident İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli, 1249 nömrəli Fərmanı ilə fəaliyyətə başlayıb. Fərmanın məqsədi Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsidir.
Agentlik medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislərin hazırlanması və əlavə təhsilinin təşkili, audiovizual, çap və onlayn media subyektləri, informasiya agentlikləri, jurnalistlər və digər media işçilərinin fəaliyyətinin stimullaşdırılması, həmçinin media sahəsində yeni informasiya-kommunikasiya texnologiyaları və innovasiyaların tətbiqinin təşviqi istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
MEDİA-nın əsas fəaliyyət istiqamətləri arasında müvafiq sahənin inkişafını təmin etmək, dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək, aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq etmək və təkliflərin hazırlanıb həyata keçirilməsində rol oynamaq yer alır.
Agentlik media subyektlərinin maliyyə dayanıqlılığının möhkəmləndirilməsi üçün ildə iki dəfə müsabiqə elan edir və qaliblərə müvafiq maliyyə vəsaiti ayırır. Eyni zamanda, “Fərdi jurnalist müsabiqəsi” ilə media nümayəndələrinin fəaliyyətinin stimullaşdırılması istiqamətində addımlar atılır.
Son illər Azərbaycanın media qurumları ilə Avropa ölkələrinin aparıcı informasiya agentlikləri arasında əməkdaşlıq əlaqələri genişlənir, birgə layihələr, jurnalist mübadiləsi proqramları və təlimlər həyata keçirilir ki, burada da MEDİA-nın rolu danılmazdır.
Qurum Azərbaycan mediasının yerli və beynəlxalq aləmdə etibarlı və peşəkar informasiya mənbəyi kimi mövqeyini gücləndirməsinə mühüm töhfə verir.




