Aİ enerji haqlarını aşağı salmaq üçün tədbirlər hazırlayır



Avropa İttifaqı Yaxın Şərqdəki gərginliyin enerji qiymətlərinə təsiri səbəbindən vətəndaşlar və şirkətlər üçün enerji haqlarını aşağı salacaq yeni tədbirlər planı hazırlayır.

AFN.az xəbər verir ki, Avropa Komissiyasının enerjidən məsul üzvü Dan Yorqensen Brüsseldə Aİ üzvü olan ölkələrin energetika nazirlərinin iclasından sonra mühüm açıqlamalar verib.

Yorqensen bildirib ki, Yaxın Şərqdə gərginliyin artması və bunun enerji qiymətlərinə təsiri həm ev təsərrüfatları, həm də şirkətlər üzərində yeni bir təzyiq yaradır və bu səbəbdən enerji xərclərinin azaldılması istiqamətində intensiv iş aparılır. Ən çox çətinlik çəkən təbəqələrə dəstək verməyin zəruriliyini vurğulayan komissiya üzvü həm müəssisələrə, həm də ən həssas vətəndaşlara kömək edəcək təcili tədbirlər üzərində çalışdıqlarını qeyd edib.

Vəziyyətin daha da pisləşə biləcəyi ehtimalına qarşı ehtiyat variantların hazır olmasının vacibliyinə toxunan Yorqensen vətəndaşları və biznesi qorumaq üçün hər cür hazırlıqlı olmağın əhəmiyyətini ifadə edib. O, asılılığı aradan qaldıracaq struktur dəyişikliklərinə ehtiyac duyulduğunu və bu məqsədlə enerji faturasının bütün komponentlərinin, o cümlədən enerjinin öz maya dəyəri, şəbəkə haqları, vergi və rüsumlar, həmçinin karbon xərclərinin araşdırıldığını diqqətə çatdırıb.

Konkret addımların bu həftə keçiriləcək Aİ Liderlər Zirvəsində elan ediləcəyini deyən Yorqensen enerjidə tam müstəqilliyə doğru irəliləməyin şərt olduğunu bildirib. O, əlavə edib ki, Avropanın beynəlxalq bazarlarda passiv qiymət alıcısı rolundan çıxması üçün daha çox yerli və təmiz enerjiyə, təkmilləşdirilmiş elektrik şəbəkələrinə və daha səmərəli fəaliyyət göstərən enerji bazarına ehtiyacı var.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu