Sülh danışıqlarının 10 apreldə Pakistanda keçirilməsi gözlənilir
ABŞ və İran arasında müharibəni dayandırmağa yönəlmiş ilk birbaşa danışıqlar raundunun 10 aprel, cümə günü Pakistanın paytaxtı İslamabadda keçirilməsinin planlaşdırıldığı iddia edilib.
AFN.az xəbər verir ki, Amerikanın "Axios" xəbər platformasının iki mənbəyə istinadən yaydığı məlumatda, ABŞ/İsrail-İran müharibəsi başlayandan bəri Vaşinqton və Tehran arasında ilk üz-üzə müzakirələrin İslamabadda baş tutacağı qeyd edilib.
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun 2 həftəlik müvəqqəti atəşkəsə gedən prosesdə mühüm rol oynadığı, Trampın kürəkəni və keçmiş baş müşaviri Cared Kuşnerin də müzakirələrə daxil edildiyi bildirilir. Görüşlərdə ABŞ nümayəndə heyətinə vitse-prezident Ceyms Devid Vensin rəhbərlik edəcəyi gözlənilir.
Digər tərəfdən, Ağ Evin sözçüsü Karolin Livitt "Axios"a açıqlamasında danışıqlarla bağlı təmasların olduğunu, lakin Tramp və ya Ağ Ev rəsmi açıqlama vermədikcə heç bir şeyin dəqiqləşmədiyini vurğulayıb. Xatırladaq ki, Prezident Donald Tramp Hörmüz boğazının tamamilə açılması şərti ilə İranla 2 həftəlik qarşılıqlı atəşkəsi qəbul etdiyini elan etmişdi.
İran rəhbərliyi isə ABŞ və İsrail ilə müharibəni sonlandırmaq üçün Pakistanda aparılacaq müzakirələrin 15 günlük atəşkəs müddətində nəticələnməsini hədəflədiyini bəyan edib. Pakistan Baş naziri Şahbaz Şərif də sosial media hesabından paylaşım edərək, tərəflər arasındakı danışıqları irəli aparmaq üçün ölkələrin nümayəndə heyətlərini 10 apreldə İslamabadda gözlədiyini açıqlayıb.
