Vilayət Eyvazov türkiyəli həmkarı ilə görüşüb - FOTOLAR


Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun dəvəti ilə Türkiyə Respublikasının daxili işlər naziri Mustafa Çiftçi və onun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

AFN.az xəbər verir ki, aprelin 9-da nazir Mustafa Çiftçi və onu müşayiət edən şəxslər Fəxri Xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar. Sonra qardaş ölkənin təmsilçiləri Şəhidlər xiyabanındakı "Əbədi məşəl" kompleksini və Türk Şəhidliyini ziyarət ediblər.

Həmin gün Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov türkiyəli həmkarı və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqları salamlayan V.Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olunması münasibətilə cənab M.Çiftçini təbrik edib, dəvətini qəbul edərək rəsmi səfərə gəldiyinə görə təşəkkürünü bildirib.

O, iki ölkənin Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayaraq, qardaş ölkənin hüquq mühafizə orqanları ilə əlaqələrin, o cümlədən beynəlxalq əməkdaşlığın intensiv inkişafına daim önəm verdiyini qeyd edib. Nazir Azərbaycan polisinin və DİN-in Daxili Qoşunlarının fəaliyyətinin təkmilləşdirilməsində Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlədən Jandarm Qüvvələrinin xüsusi rolunu və xidmətlərini yüksək qiymətləndirib.

Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi dost və qardaş ölkələrin mütəşəkkil cinayətkarlığa qarşı hər zaman vahid mövqedən çıxış etdiklərini vurğulayıb. O, Bakının dünyanın ən təhlükəsiz şəhərlərindən biri olmasından məmnunluğunu ifadə edib.

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün də iştirak edib. Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu