“İdrak”da güllələnən müəllim şagirdi bağışladı


“İdrak” liseyində müəlliminə odlu silahla ağır xəsarət yetirməkdə ittiham olunan şagirdin cinayət işi üzrə tərəflər arasında barışıq əldə olunub.

AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, zərərçəkmiş müəllim şagirdini bağışlayıb. Barışığı təsdiq edən rəsmi sənəd artıq istintaq orqanına təqdim edilib.

Bundan başqa, şagirdlə bağlı psixoloji ekspertiza rəyinin nəticələri də açıqlanıb. Həkim rəyinə əsasən, Ə.Ş.-də anlaqlılığı istisna etməyən psixi pozuntu müəyyən edilib. Bu o deməkdir ki, şəxsdə müəyyən dərəcədə psixi problemlər olsa da, o, törətdiyi əməli dərk edir və davranışlarını idarə etmək qabiliyyətindədir. Hazırkı rəyə əsasən, şəxs cinayət məsuliyyətindən azad edilmir, lakin bu hal gələcəkdə cəza təyin edilərkən yüngülləşdirici amil kimi nəzərə alına bilər.

Prokuror yekun ittiham aktını təsdiqlədikdən sonra iş baxılması üçün məhkəməyə göndəriləcək.

Qeyd edək ki, hadisə bu ilin fevralında Bakıda yerləşən "İdrak" liseyində baş verib. İttihama görə, 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngi ilə təhsil aldığı liseyə gələrək 29 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib.

Şagird Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham olunur. Təqsiri sübuta yetiriləcəyi halda, 18 yaşı tamam olmadığı üçün onu 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu