“Avant”a nə söz keçir, nə də cəza - Aparıcıdan şikayət
Tanınmış aparıcı Nigar Sabirqızı "Avant Group” şirkətinin gecə saatlarına qədər iş gördüklərini və sakinlərin narahatlığına səbəb olduqlarını əks etdirən görüntülər paylaşıb.
Aparıcı bildirib ki, gecə saatlarında aparılan tikinti işləri onları narahat edir.
"Bir tərəfdə qazırlar, bir tərəfdə daşıyırlar, bir tərəfdə beton tökürlər, bir tərəfdə fəhlələr işləyir. Yəni bir gecədə bir neçə iş. Səs səsə qarışıb. “Avant”ın hər gecə ətrafdakı bina sakinlərinə göstərdiyi “hünəri”. Niyə hünər? Çünki bu şirkətin rəhbəri saat 00.00-dan sonra səs-küy yaratmağın qadağan olunduğunu bilə-bilə qanunu pozursa, deməli qanunu pozmaq “hünəri” çatır. Bunu paylaşmaqla məsələnin düzəlməyəcəyini bilirəm. Sadəcə göstərmək istəyirəm ki, qanunu pozan “Avant”a nə söz keçir, nə də cəza".
Qeyd edək ki, ötən il "Avant Group” MTK tərəfindən Yasamal rayonu, Şərifzadə küçəsi, köhnə “Azon Zavod”un ərazisində ağacların kəsildiyi və təbiətə 117060 manat məbləğində ziyan dəydiyi müəyyən olunmuşdu.


