Zərifə Əliyeva adına MOM Astarada sakinlərin müayinəsini təşkil edəcək
28–29 aprel 2026-cı il tarixlərində Astara rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyi və Milli Oftalmologiya Mərkəzinin 80 illik yubileyinə həsr olunmuş növbəti tibbi aksiya təşkil ediləcək.
AFN.az xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, "Azərbaycan Dəmir Yolları" QSC və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə reallaşan aksiya çərçivəsində Dəmir Yolu Səyyar Klinikası rayon sakinlərinə ödənişsiz tibbi xidmət göstərəcək.
Aksiya zamanı təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar tərəfindən yerli əhalinin göz sağlamlığı yoxlanılacaq, xəstəliklər vaxtında aşkarlanaraq müalicə yolları müəyyən ediləcək. Ciddi oftalmoloji problemləri olan və cərrahi müdaxiləyə ehtiyacı olan pasiyentlərin Milli Oftalmologiya Mərkəzinə müraciət etmələri üçün lazımi şərait yaradılacaq.
Qeyd edək ki, dünyada görmə zəifliyindən əziyyət çəkənlərin sayı ilbəil artmaqdadır. Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi bu cür aksiyaların əsas prioriteti respublika ərazisində korluq hallarının qarşısını vaxtında almaq və əhalinin sağlamlıq vəziyyətini yaxşılaşdırmaqdır. Mütəxəssislərin rəyinə görə, vaxtında aparılan müayinələr korluq hallarının 80 faizinin qarşısını almağa imkan verir.
Məlumat üçün bildirək ki, bölgələrdə yaşayan əhaliyə yerində xidmət göstərmək məqsədilə 2005-ci ildən Avtomobil Səyyar Klinikası, 2018-ci ildən isə Mərkəzin Səyyar Qatarı fəaliyyətə başlayıb.
Nə vaxt: 28–29 aprel 2026-cı il, saat 09:00
Harada: Astara rayonu, Dəmiryol vağzalı
Əlaqə: Mob: (+994) 50 891 94 51
Şəhər: (012) 568 28 90
(Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsi)



