Zərifə Əliyeva adına MOM-un Dəmiryolu Səyyar Klinikası Tovuz şəhər sakinləri üçün aksiya keçirir


Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Tovuz şəhər sakinləri üçün Z.Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş ikigünlük tibbi aksiya keçirir.


AFN.az xəbər verir ki, səyyar klinika tərəfindən Tovuz şəhər sakinlərinə tibbi xidmət göstərilir. Tibbi aksiyanın keçirilməsində əsas məqsəd pasientlərin sağlamlıqları ilə bağlı olan problemlərin aşkar edilməsi və həll olunmasına kömək göstərməkdir. Aksiyadakı müayinələr əsasında göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılacaq və əldə edilən nəticələr müzakirə ediləcək. Ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasientlərin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılacaq.

Qeyd edək ki, səyyar klinika 23-24 iyun tarixlərində saat 09:00-dan etibarən Tovuz şəhəri, Dəmiryolu vağzalında fəaliyyət göstərəcək.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji, həmçinin cərrahi xidmət göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar klinika təşkil edilib. Səyyar klinikanın fəaliyyətinin əsas məqsədi əhalinin vaxt itirmədən, öz yaşadıqları ərazilərdə müayinə, müalicə və əməliyyat olunmasıdır.

Hazırda dünyada 7,8 milyard insandan 2,2 milyard insan görmə zəifliyi və görmə qabiliyyətinin tamamilə itirilməsindən əziyyət çəkir. Bu rəqəm hər il artmaqda davam edir. Vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əsas prioriteti respublikada korluğun qarşısının alınması üçün tədbirlər görməkdir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu