Pakistan ordusu Hindistanla qarşıdurmaların ildönümündə xəbərdarlıq edib
Pakistan ordusu ötən il Hindistanla baş verən hərbi qarşıdurmanın ildönümü münasibətilə yaydığı bəyanatda hər hansı mümkün hücuma sərt cavab veriləcəyi barədə xəbərdarlıq edib.
AFN.az xəbər verir ki, Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Birliyi (ISPR) tərəfindən 2025-ci ilin mayında Hindistanla yaşanan toqquşmalara dair verilən yazılı açıqlamada strateji mühitin dəyişməsinə baxmayaraq, Pakistan Silahlı Qüvvələrinin ölkəni müdafiə etmək əzminin və hazırlığının sarsılmaz olduğu vurğulanıb.
Bəyanatda qeyd olunub ki, Pakistan ordusu gələcək çağırışlara cavab vermək üçün hərbi potensialın artırılmasını və qabaqcıl texnologiyalara investisiya qoyuluşunu davam etdirir.
Ordunun açıqlamasında "Pakistana qarşı hər hansı düşmən cəhdi rəqibimizin 'Həqiqət müharibəsi' zamanı şahidi olduğundan daha böyük güc, dəqiqlik və qətiyyətlə cavablandırılacaq. Silahlı qüvvələrimiz gələcək döyüşlərə tam hazırdır və vətənə qarşı hər hansı təcavüzə qətiyyətlə müqavimət göstərməyə qadirdir" deyilib.
Açıqlamada həmçinin Pakistan Hərbi Hava Qüvvələrinin (PAF) müasir hava döyüşlərinin dəyişən parametrlərinə uyğun olaraq yeniləndiyi, ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumağa tam hazır olduğu bildirilib.
Ötənilki əməliyyatların hava döyüşü tarixində miqyasına və xarakterinə görə bənzərsiz olduğu vurğulanaraq, bu uğurların Pakistan xalqının qürur və inamını yenilədiyi ifadə edilib.
Sonda Pakistanın sülhsevər bir ölkə olduğu, silahlı qüvvələrin isə regionda sabitliyi və təhlükəsizliyi təmin etməyə sadiq qaldığı qeyd olunub.
