Azərbaycanda sosial şəbəkələrə qeydiyyatda yaş məhdudiyyəti olacaq
Azərbaycanda rəqəmsal platformalarda istifadəçi qeydiyyatı ilə bağlı yeni tələblərin müəyyənləşdirilməsi nəzərdə tutulur.
Bu məsələ Milli Məclisin İnsan hüquqları və Ailə, qadın və uşaq məsələləri komitələrinin iyunun 8-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.
Təklif olunan yeniliklərə əsasən, 16 yaşına çatmamış şəxslərin platformalarda fərdi rəqəmsal hesab yaratmasına icazə verilməyəcək.
Layihədə həmçinin qeyd olunur ki, bu tələblərin şamil ediləcəyi platformaların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək.
Dəyişikliklərə görə, platforma provayderləri istifadəçilərin yaş həddinə əməl olunmasına nəzarət etmək məqsədilə bir sıra texniki yoxlama mexanizmlərini ardıcıl şəkildə tətbiq etməli olacaqlar.
Belə ki, ilkin mərhələdə istifadəçi öz yaşını bəyan etməlidir. Növbəti mərhələdə isə həmin məlumatın doğruluğunun yoxlanılması nəzərdə tutulur. Bunun üçün bank kartı məlumatları, elektron poçt ünvanı və mobil telefon nömrəsi təqdim edilməlidir.
Bundan əlavə, 16-18 yaş aralığında olan uşaqların platformalarda hesab yaratması üçün onların qanuni nümayəndələrinin razılığının alınması tələb olunacaq. Bu razılığın əldə edilməsi də təqdim olunan məlumatlar vasitəsilə təsdiqlənəcək.

