Cərrah Mübariz Məmmədli Səhiyyə Nazirliyini məhkəməyə verdi


Bir neçə gündür mediada Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olmağa dair bəzi məsələlər haqqında” 16 aprel 2025-ci il tarixli əmri ilə sertifikatı ləğv edilmiş həkim Mübariz Məmmədli ilə bağlı müxtəlif məzmunlu yazılar yayımlanır.

Bəzi yazılarda sözügedən əmrin M.Məmmədliyə aid bəndinin ləğv edilməsi barədə iddia ərizəsinin rədd edildiyi qeyd olunur. Digər yazılarda isə məhkəmə prosesinin hazırlıq mərhələsində olduğu və davam etdiyi bildirilir.

AFN.az xəbər verir ki, Bakupost.az-ın əməkdaşı bu gün Bakı İnzibati Məhkəməsinin 1-ci zalında hakim Aydın Babayevin sədrliyi ilə keçirilən növbəti məhkəmə iclasında iştirak edib. 

İclas Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan hazırlıq mərhələsində davam etdi və hakim tərəfindən məhkəmə baxış iclasının avqustun 21-i saat 10:00-a təyin edildiyi elan olundu.

Məhkəmə zamanı maraqlı faktlar müzakirə edildi. Belə ki, həkimin vəkilləri bildirdilər ki, onların təmin olunmuş vəsatətləri əsasında məhkəmə tərəfindən Səhiyyə Nazirliyinə bir sıra sorğular göndərilsə də, inzibati icraat materialları təqdim edilməyib.

Həmçinin qeyd olundu ki, sertifikatları ləğv edən komissiyanın tərkibində plastik cərrah, hətta ümumiyyətlə cərrah ixtisaslı mütəxəssislər deyil, yalnız məmurlar yer alıb.

Məhkəmə iclası uzun çəkmədi. İclasdan sonra həkimin vəkillərinin mövqeyini öyrənməyə çalışsaq da, onlar “zamanı gəldikdə zəruri açıqlama veriləcək” deyərək müsahibə verməkdən imtina etdilər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu