QHT-lərin “bir pəncərə” prinsipi ilə maliyyələşmə qaydası təsdiqləndi
QHT-lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda təsdiq olunub.
AFN.az xəbər verir ki, Prezident İlham Əliyevin 2025-ci il 29 dekabr tarixli müvafiq Fərmanı ilə 15 dövlət qurumu - 9 Nazirlik (Mədəniyyət Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) və digər 6 qurum (Dini Qurumlar İş üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Azərbaycan Gənclər Fondu, KOBİA və ƏƏSMN-nin Sosial Xidmətlər Agentliyi) tərəfindən QHT-lərin müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirilməsinə dair qərar verilib.
Bundan irəli gələrək Nazirlər Kabinetinə müvafiq qaydanı müəyyənləşdirmək tapşırılmışdı. 2026-cı il iyunun 22-də Nazirlər Kabineti bu qaydanı 188 nömrəli qərarla təsdiq edib.
Yeni mexanizm QHT fəaliyyətlərinin daha səmərəli, nəticəyönümlü və ölçüləbilən olmasına xidmət edəcək. Prezident İlham Əliyevin tapşırığı ilə reallaşan bu köklü islahat layihələrin maliyyə hədlərində də ciddi artımlara səbəb olub.
Yeni qaydalar üzrə qrant məbləğləri artırılıb və müvafiq hədlər müəyyənləşdirilib:
- “Kiçik qrant” üzrə - qrant məbləğinin yuxarı həddi 30 000 manat;
- “Böyük qrant” üzrə - qrant məbləğinin aşağı həddi 30 000 manat (yuxarı hədd müsabiqə elanında açıqlanacaq);
- “Səfər qrantı” üzrə - qrant məbləğinin yuxarı həddi 15 000 manatdır.
Layihələrin ekspertiza meyarları da gücləndirilib. Bundan sonra ekspert qrupu layihənin icrası zamanı müvafiq tərəfdaşlarla, sahəvi qurumlarla və media ilə əməkdaşlıq məsələlərinə, layihənin müvafiq sahədə dövlət siyasətinə və strateji sənədlərin (proqramlar, yol xəritələri, konsepsiyalar və s.) hədəflərinə töhfəsini də ayrıca dəyərləndirəcək.




