Ərdoğan: Məkkə sazişi hər hansı bir ölkəyə qarşı yönəlməyib
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan tərəfindən imzalanmış birgə müdafiə haqqında Məkkə sazişi üç ölkənin strateji iradəsinin təzahürüdür və hər hansı dövlətə qarşı yönəlməyib.
AFN.az xəbər verir ki, bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan "Asharq Al Awsat" qəzetinə açıqlamasında deyib.
"Regionun problemlərinin elə regionun öz iştirakçıları tərəfindən həll edilməsi anlayışına əsaslanan Məkkə birgə müdafiə sazişi hər hansı ayrı-ayrı ölkəyə qarşı blokun formalaşdırılmasına deyil, sülh, sabitlik, həmrəylik və kollektiv çəkindirməyə söykənən strateji iradənin təzahürüdür. Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan tərəfindən atılan bu tarixi addım birinin təhlükəsizliyinin hamının təhlükəsizliyi olduğu anlayışını təcəssüm etdirir", – deyə Ərdoğan qeyd edib.
Türkiyə lideri vurğulayıb ki, saziş bütün qardaş ölkələr üçün açıqdır. Onun fikrincə, regionun gələcəyi artıq onun ölkələrinin iradəsi nəzərə alınmadan və kənardan diktə edilən reseptlər əsasında formalaşdırıla bilməz: "Türkiyə suverenliyə və ərazi bütövlüyünə hörmətə əsaslanan, təhlükəsizliyin, inkişafın və tərəqqinin birgə möhkəmləndirildiyi regional nizamın qurulmasının tərəfdarıdır".

