İndoneziyada 7,7 bal gücündə zəlzələ baş verdi
İndoneziyada 7,7 bal gücündə zəlzələ baş verib. Ən azı 5 nəfərin dağıntılar altında qalaraq həyatını itirdiyi bildirilib.
AFN.az xəbər verir ki, ABŞ Geoloji Tədqiqat Mərkəzindən (USGS) verilən açıqlamada zəlzələnin episentrinin İndoneziyanın Flores bölgəsindən 68 kilometr şimal-qərbdə yerləşdiyi bildirilib.
Açıqlamada 7,7 bal gücündə zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi qeyd olunub.
Zəlzələdən sonra eyni bölgədə 5,6 və 6,1 bal gücündə afterşoklar qeydə alınarkən, sunami riski ilə bağlı xəbərdarlıqlar edilib.
The Jakarta Post qəzetinin xəbərinə görə, ölkənin müxtəlif bölgələrində hündürlüyü 1 metrdən az olan sunami dalğaları müşahidə edilib, sunami xəbərdarlığı isə zəlzələdən təxminən üç saat sonra ləğv olunub.
Şərqi Nusa Tengqara əyalətinin qubernatoru Emanuel Melkiades Laka Lena zəlzələ ilə bağlı keçirdiyi mətbuat konfransında 5 nəfərin dağıntılar altında qalaraq həyatını itirdiyini bildirib.





