Yeni Zelandiyada 16 yaşdan aşağı uşaqlar üçün sosial media qadağası qanun layihəsi hazırlanır



Yeni Zelandiya hökuməti 16 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsini qadağan etməyi və texnologiya şirkətlərinin uşaqların onlayn təhlükəsizliyi ilə bağlı yeni hüquqi öhdəliklər daşımasını nəzərdə tutan qanun layihəsini parlamentə təqdim etməyə hazırlaşır.

AFN.az xəbər verir ki, Baş nazir Kristofer Laksounun Yeni Zelandiya Baş nazirliyinin internet saytında yayımlanan açıqlamasında ölkədə 13-17 yaş qrupundakı hər üç uşaqdan birinin gündə ən azı 5 saatını sosial mediada keçirdiyi bildirilib.

Sosial medianın uşaqları zərərli məzmunlara, asılılıq yaradan texnologiyalara və hələ öhdəsindən gəlməyə hazır olmadıqları təzyiqlərə məruz qoyduğunu qeyd edən Laksoun bunun ailə həyatı, psixi sağlamlıq, yuxu və təhsil üzərində mənfi təsirləri olduğunu bildirib.

Laksoun uşaqların sosial media istifadəsini izləməkdə valideynlərin məsuliyyət daşıdığını, lakin sosial media şirkətlərinin də məsuliyyət götürməli olduğunu vurğulayıb.

Bu çərçivədə parlamentə “Onlayn Təhlükəsizlik (Minimum Yaş və Uşaq Təhlükəsizliyi Risklərinin Qiymətləndirilməsi) Qanun layihəsi”ni təqdim edəcəklərini bildirən Laksoun hər bir uşağı sosial mediadan tamamilə uzaqlaşdırmağın mümkün olmayacağını, lakin Avstraliyadan əldə edilən ilkin nəticələrin minimum yaş hədlərinin davranışları dəyişdirməyə başladığını göstərdiyini qeyd edib.

Qanun layihəsinə əsasən, Instagram, TikTok, Snapchat və Facebook kimi platformalar istifadəçilərinin 16 yaşdan yuxarı olduğunu təsdiqləmək üçün müvafiq tədbirlər görməyə məcbur olacaq.

Platformalar yaşın təsdiqlənməsi üçün mövcud hesab məlumatları, üz analizi ilə yaşın təxmin edilməsi, rəqəmsal şəxsiyyət xidmətləri və rəsmi şəxsiyyət sənədləri kimi müxtəlif üsullardan istifadə edə biləcək.

Öhdəliklərini yerinə yetirməyən şirkətlərə platformaların qlobal gəlirlərinin 10 faizinə qədər cərimə tətbiq edilə biləcək. Qanun layihəsi süni intellekt dəstəkli rəqəmsal dost platformaları kimi inkişaf etməkdə olan texnologiyaları da tənzimləyici çərçivəyə daxil edəcək.

Son dövrlərdə yetkinlik yaşına çatmayanların sosial media istifadəsi bir çox ölkənin gündəmində olarkən, dünyada təxminən 20 ölkə uşaqların sosial mediaya çıxışına dair tənzimləmələr tətbiq edib və ya edəcəyini açıqlayıb.

Avstraliya, Çin, Braziliya, İndoneziya və Malayziya sosial media istifadəsinə yaş həddi tətbiq edən ölkələr sırasında yer alır. Avropa İttifaqı da bu istiqamətdə addımlar atacağına dair öhdəlik götürüb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu