Instagram CEO-su şirkətin mənfi məlumatları ictimaiyyətdən gizlətdiyi iddialarını rədd edib
Instagram CEO-su Adam Mosseri ABŞ-da 29 ştatın Meta-ya qarşı qaldırdığı məhkəmə işində şirkətinin mənfi məlumatları ictimaiyyətdən gizlətdiyi ilə bağlı iddiaları rədd edib.
AFN.az xəbər verir ki, The Guardian qəzetinin məlumatına görə, Mosseri Kaliforniya ştatındakı federal məhkəmədə keçirilən prosesdə ifadə verib.
Meta-nın məhsullarını gənclərdə asılılıq yaradacaq şəkildə hazırladığı və bunun narahatlıq, depressiya və intihar da daxil olmaqla psixi sağlamlıq problemlərinə səbəb olduğu iddialarının araşdırıldığı məhkəmə prosesində Mosseri şirkətin mənfi məlumatları ictimaiyyətdən gizlətdiyi ilə bağlı ittihamlara dair sualları cavablandırıb.
Mosseri sözügedən iddiaları rədd edərək, “Komandamı hər hansı bir şeyi gizlətməyə təşviq etməyə çalışmıram” deyib.
Instagram-ın gənclərə yönəlmiş təhlükəsizlik xüsusiyyətlərindən istifadə səviyyəsinin aşağı olduğunu göstərən məlumatların niyə ictimaiyyətlə paylaşılmadığı ilə bağlı suala Mosseri “Hər bir statistikanı dərc etmirik” cavabını verib.
ABŞ-da Meta-ya qarşı “uşaqların psixi sağlamlığına zərər vurduğu” ittihamı ilə açılan məhkəmə prosesi davam edərkən, şirkətin keçmiş əməkdaşlarından biri Meta-nın uşaq təhlükəsizliyindən daha çox maliyyə maraqlarına üstünlük verdiyini iddia etmişdi.
Həftələrlə davam edəcəyi gözlənilən məhkəmə prosesində yüksək vəzifəli rəhbərlərlə yanaşı, hazırkı və keçmiş əməkdaşlar, həmçinin psixologiya mütəxəssisləri də daxil olmaqla çoxsaylı şəxslərin dinlənilməsi gözlənilir.
Məhkəmə iclaslarında Meta-ya qarşı iddia qaldıran 29 ştatdan Kaliforniya, Kolorado, Kentukki və Nyu-Cersi ştatlarının qanunlarına, digər ştatların isə federal qanunlara əsaslanan iddiaları və şirkətin müdafiəsi nəzərdən keçiriləcək. Digər 25 ştatın “dizayn və asılılıq” ittihamları isə daha sonra ayrı məhkəmə iclaslarında araşdırılacaq.
Andlılar heyətinin yalnız məsləhətçi rolunu oynayacağı prosesdə Meta-nın məsuliyyət daşıyıb-daşımadığı və tətbiq ediləcək cəza və ya sanksiyalarla bağlı yekun qərarı hakim Yvonne Gonzalez Rogers verəcək.
Məhkəmə prosesinin nəticəsinin digər ştatlarda davam edən işlərə istiqamət verə biləcəyi, Facebook və Instagram-ın fəaliyyət prinsipini dəyişdirə biləcəyi və Meta-nı milyardlarla dollar məbləğində cərimə ödəməyə məcbur edə biləcəyi qiymətləndirilir.
Meta məhkəməni uduzacağı təqdirdə 1,4 trilyon dollara qədər cərimə ilə üzləşə biləcəyini bildirib. Bu məbləğin şirkətin bazar dəyərinə yaxın və hüquq tarixində misli görünməmiş həcmdə olduğu qeyd edilir.
