Tramp Kanadaya sərt tələb qoydu: "Bombardier" təyyarələrinin ABŞ-da satışına qadağa
ABŞ Prezidenti Donald Tramp Kanadanın təyyarə istehsalçısı “Bombardier” şirkətinə çağırış edərək istehsal müəssisələrini ABŞ-a köçürməyəcəyi təqdirdə şirkətin ABŞ bazarında təyyarə satışlarının əngəllənəcəyini açıqlayıb.
AFN.az xəbər verir ki, Tramp “Truth Social” hesabından etdiyi paylaşımda “Bombardier” təyyarələrinin ABŞ-da satışının dayandırılacağını bildirib.
Tramp paylaşımında “Bazarımızı istəyirlərsə, burada istehsal etməli və Amerikanı pul qutusu kimi görməkdən əl çəkməlidirlər” ifadələrini işlədib.
Tramp həmçinin Kanadanın Amerika banklarına və şirkətlərinə bazar maneələri tətbiq etdiyini iddia edərək “Amerika malı alın, Amerika təyyarələri ilə uçun” çağırışını edib.
Trampın təhdidi iki ölkə arasında dərinləşən ticarət müharibəsi və Kanadanın ABŞ mənşəli məhsullara qarşı 20 milyard dollar həcmində cavab tariflərini tətbiq etməsindən dərhal əvvəl səslənib.
İki ölkə arasındakı ticarət danışıqları Kanadanın Baş naziri Mark Karneyin ABŞ tərəfinin son dəqiqə şərtlərini ədalətsiz və iqtisadi məntiqdən uzaq kimi qiymətləndirərək danışıqlar masasından çəkilməsi ilə ötən ayın sonlarında dalana dirənmişdi.
Monrealda yerləşən aviasiya nəhəngi “Bombardier” yaydığı açıqlamada ABŞ-da birbaşa 3500 nəfəri işlə təmin etdiyini və Amerika iqtisadiyyatında on minlərlə dolayı iş yeri yaratdığını bildirib.
Şirkət istehsalın Kanada, ABŞ və Meksikadakı müəssisələrdə həyata keçirildiyini və mövcud əməliyyatların CUSMA (USMCA) azad ticarət sazişinə tam uyğun şəkildə aparıldığını qeyd edib.
Kvebekin Baş naziri Kristin Freşett sosial media hesabından etdiyi açıqlamada təxribatlara təxribatla cavab verməyəcəyini, lakin Kvebek şirkətlərinin harada istehsal edəcəyinə heç kimin qərar verə bilməyəcəyini və bazar hüquqlarını müdafiə edəcəklərini vurğulayıb.
