Qaradağın yeni icra başçısı kimdir?
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Sərəncam imzalayaraq Natiq Oruc oğlu Əliyevi Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.
AFN.az xəbər verir ki, Natiq Oruc oğlu Əliyev beynəlxalq münasibətlər, dövlət və şəhər idarəçiliyi sahələrində geniş peşəkar təcrübəyə malikdir. O, həmçinin tarix üzrə fəlsəfə doktorudur.
Natiq Əliyev 2007-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2011-ci ildə isə həmin universitetdə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi əldə edib.
2015-ci ildə hüquq ixtisası üzrə ikinci ali təhsil çərçivəsində magistratura pilləsini başa vurub.
Təhsil aldığı universitetdə pedaqoji fəaliyyət göstərən Əliyev, eyni zamanda, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının yaradılmasında iştirak edib və təşkilatın idarəetmə heyətində yer alıb. Elmi-pedaqoji fəaliyyəti dövründə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dərs deyib.
Sonrakı fəaliyyətində Azərbaycan Respublikasının Prezidenti Administrasiyasında müxtəlif vəzifələrdə çalışıb. 2021-ci ildən etibarən isə Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində sektor müdiri vəzifəsini tutub.
O, Cənubi Koreyada Koreya İnkişaf İnstitutunun və Harvard Universitetinin Kennedi adına Dövlət İdarəçilik Məktəbinin dövlət idarəçiliyi üzrə proqramlarını bitirib. Həmçinin Lozanna Federal Politexnik Məktəbində (EPFL) şəhər infrastrukturunun idarə edilməsi proqramını tamamlayıb.
Natiq Əliyev ingilis, rus, alman və türk dillərini bilir.



