Nicat Müslümov: “Məqsədimiz Xocalı faciəsi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır”
Xocalı faciəsinin ildönümü ərəfəsində Azərbaycanın fəal gənclərindən olan Nicat Müslümovun təşkilatçılığı ilə faciəyə həsr olunmuş müxtəlif tədbirlər təşkil edirlər. N.Müslümovun gənclərlə birlikdə həyata keçirdiyi tədbirlərin məqsədi “Xocalıya Ədalət” kampaniyasına dəstək vermək, gənclər arasında vətənpərvərliyi təbliğ etməkdən ibarətdir.
Nicat Müslümovun dediklərindən: “Sovet hökumətinin böyük səyi və xalqımızın saf niyyətli olması səbəbindən 1918-ci ilin mart hadisələri qaranlıq yaddaşımızda illərlə oxunmayan bir kitab kimi qaldı. O zamana qədər ki, xalqımıza qarşı yeni bir soyqırım törətdilər. İrəvanda həmyerlilərimizin öz yurd-yuvalarından amansızcasına çıxarılması, yerli azərbaycanlılara qədim şəhərimizdə divan tutulması artıq nədənsə xəbər verirdi. Lakin xalqımız yenə də inanmaq istəmirdi. Axı, insan insana bunu edərmi? – Etməz”!
N.Müslümov qeyd edir ki, o zaman tarixi hadisələr çox tez-tez yer dəyişirdi. SSRİ-nin süqutu, 20 Yanvar hadisələri bizim üçün gözlənilməz idi. Amma ermənilərin planı baş tuturdu. Onlar buna tam 200 il və ya da çox müddət idi ki, hazırlaşırdılar. Bütün bu hadisələr təsadüf ola bilməzdi: “Hadisələrin davamı olaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal edildi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vuruldu. Hadisədən bir neçə gün sonra şəhid Çingiz Mustafayev Xocalıda qəddarcasına öldürülən, başı, qulağı, burunu kəsilmiş körpələrin, qocaların, qadınların foto və video çəkilişini aparmış və xalqımıza dəyərli miras, qan yaddaşı, dünyaya isə bu soyqırımın sübutunu qoydu”.
Nicat Müslümov hesab edir ki, bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir.
Onun fikrincə, həmin gecə baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət idi. Buna baxmayaraq, o zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymət verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görməmişdi. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra bu qanlı faciəyə hüquqi-siyasi qiymət verilib. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi elan etmişdir.
N.Müslümov sonda qeyd edib ki, bu cür maarifləndirmə tədbirləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya Ədalət kampaniyasının tərkib hissəsidir və kampaniyanın məqsədi faciə barədə dünya ictimaiyyətinə məlumat verməkdir.