Rza Rzayev müstəntiq Xəlil Allahverdiyevin əməllərinin araşdırılmasını tələb etdi- VİDEO




Aktyor Rza Rzayev ötən ilin noyabrında tanınmış aktyor Rza Rzayevlə 175 saylı məktəbin direktoru Tural Mirzəliyev arasında yaşanan insidentlə bağlı yeni təfərrüatlar məlum olub. Belə ki, AFN-in xəbərinə görə, R.Rzayev hadisə ilə bağlı 25-ci polis bölməsi tərəfindən aparılan araşdırmalarla bağlı yeni məlumat və videogörüntülər paylaşıb. Aktyorun sosial şəbəkədəki hesabından paylaşdığı materialları təqdim edirik:

"102 nəzarət kamerasının görüntülərində Xəlil Allahverdiyevin “işgüzar fəaliyyətini”, insan taleyi alverini necə peşəkarlıqla və məharətlə apardığını öz gözlərinizlə görəcəksiniz. Bir neçə il bundan öncə Killer Fərid "Diqlas" Ticarət Mərkəzinin qarşısında “Jiquli” markalı avtomobillə adam vurub öldürüb, sonra onun haqqında Nizami RP-nin İstintaq Şöbəsində açılmış cinayət işini bağlatdıran bu “xilaskar” müstəntiq indi də 25-ci Polis Bölməsində peyda olur. O, bölməyə daxil olduqdan bir qədər sonra daha bir gənc insanın həyatına qəsd etmək istəyən, üzərindən bıçaq tutulmuş və bu barədə artıq akt tərtib olunmuş Killer Fərid onlarla şahidin gözü qarşısında sərbəst buraxılır. Zərərçəkəndən, heç bir şey olmamış kimi, şikayət ərizəsi və izahat alınmır. Killer Fəridin Toğrul İbrahimlinin üzərinə bıçaq çəkmə məsələsini “böyük” uğurla həll edən Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Xəlil Allahverdiyev indi də özünə xas olan peşəkarlıqla mənimlə Tural Mirzəliyev arasında baş vermiş hadisənin hansı hüquqi məcraya yönəldiləcəyini “həll edir”. İlk “iş”in uğurundan başı gicəllənmiş bu işgüzar müstəntiq xüsusilə 102 nəzarət kamerasının mövcudluğunu unudub təhqiqatçı Rüfət Bünyadzadə ilə sövdələşir. Onun açıq-aşkar şəkildə bölmənin qapısı ağzında pul kisəsinin ağzını açdığını və ondan necə istifadə etdiyini öz gözlərinizlə görün.

Maraqlıdır, bacım oğlu Toğrul İbrahimlinin axa biləcək qanı və yaxud cinayətə təşəbbüs göstərmiş, lakin cəzasından yayındırılmış şəxsin gələcəkdə axıdacağı başqa qanlar bu bazarlıqda hansı qiymətə sövdələşdirilib?

Məhz bu sövdələşmədən sonra təhqiqatçı Rüfət Bünyadzadə öz otağına gedib nəhayət Tural Mirzəliyevin gətirdiyi şahidlərdən izahat alır, mənimlə Tural Mirzəliyev arasında baş vermiş münaqişəyə dair alınmış izahatların bəziləri dəyişdirilir, bəziləri yox edilir, yenidən yazılanlar isə mahiyyət və məzmununa görə məqsədli şəkildə tərtib edilir.

Xəlil Allahverdiyevin video görüntülərdən də göründüyü kimi, həmin vaxt telefonla kimlərləsə danışması, polis əməkdaşları ilə sövdələşməsi və s. mənim özümün bölmədə açıq-aşkar şahidi olduğum əməlləri, Azərbaycan Respublikası Prezidentinin yüksək siyasi iradə ilə hüquqi islahatları həyata keçirdiyi bir dövrdə bir hüquq-mühafizə işçisinə yaraşmayan hərəkətləri təhqiq edilsin".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu