Aktyor-rejissor Rza Rzayev həbs edildi
Aktyor-rejissor Rza Rzayev həbs edilib.
AFN.az-a bu barədə onun yaxınları məlumat verib. Bildirilir ki, R.Rzayevin 5 il əvvəldən başlayan məhkəmə çəkişməsinin sonunda onun barəsində Bakı Apelyasiya Məhkəməsində həbs qərarı çıxarılıb.
Qeyd edək ki, 2018-ci il noyabrın 20-də aktyor Rza Rzayevlə 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyev arasında dava olub. Birinci instansiya məhkəməsində R.Rzayev barəsində şərti azadlıqdan məhrumetmə cəzası verilib. Lakin sonrakı məhkəmə prosesi davada iştirakçı kimi cəlb edilən R.Rzayevin bacısı oğlu Toğrul İbrahimlinin ölkədə olmaması səbəbindən dondurulub. Bu ilin martında T.İbrahimli ölkəyə gəldikdən sonra saxlanıb və məhkəmə prosesi yenidən başlayıb. Bu gün Bakı Apelyasiya məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən məhkəmə prosesində R.Rzayev barəsində həbs qətimkan tədbiri seçilib və o, məhkəmə zalındaca həbs edilib.
Aktyorun vəkili Səlahəddin Cəfərov məlumatı təsdiqləyib.