Əli Əhmədov: "YAP hər hansı partiyanın hakimiyyətə gəlmək iddiasına qarşı deyil"
"Yeni Azərbaycan Partiyası olaraq hər hansı partiyanın hakimiyyətə gəlmək iddiasına qarşı deyilik. Amma nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək ölkəni xaos və anarxiyaya sürükləyir. Bu, dünyanın heç yerində məqbul sayılmır. Bunun nəticəsi də ürəkaçan olmaz".
AFN "Report"a istinadən xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov oktyabrın 19-da keçirilən icazəsiz aksiya ilə bağlı danışarkən deyib.
O bildirib ki, bəzi müxalifət qüvvələrin qanunsuz mitinqə cəhd etmələri ilə bağlı fikir mübadiləsi etməyə ehtiyac var: "Azərbaycan vətəndaşlarının əksəriyyəti kimi hakim partiya da ölkədə sabitliyin və əmin-amanlığın pozulmasına yönəldilən qanunsuz yerlərdə aksiyaların keçirilməsinə sərt və ədalətli münasibətini bildirməlidir. Azərbaycanda hər hansı müxalifət partiyaları tərəfindən aksiyaların keçirilməsi nə YAP, nə də ölkə iqtidarı üçün narahatlıq və nigaranlıq mənbəyi deyil və ola bilməz. Amma narahatlıq yaradan bəzi məqamlar var ki, cəmiyyətə bu barədə fikirlərini çatdırılmasına ehtiyac var".
Ə.Əhmədov qeyd edib ki, qanunsuz aksiyanın ölkə başçısının oktyabr ayının əvvəlində bir neçə səfərlərində və Azərbaycanın 9 aylıq iqtisadi inkişafla bağlı keçirdiyi müşavirədə səsləndirdiyi fikirlərdən bir neçə gün sonra təşkil edilməsi heç də təsadüfi deyil: "Görünür ki, Azərbaycana xaricdən müxtəlif üsullarla təsir göstərmək istəyən maraqlı dairələr çirkin niyyətlərini həyata keçirmək üçün bu işə əl atıblar. Ölkədə bütün azadlıqlar təmin olunduğu kimi kütləvi aksiyaların keçirilməsi üçün yerlərin ayrılmasına baxmayaraq müxalifət partiyaları mitinqləri icazəsiz şəkildə, razılıq verilməyən yerdə keçirmək niyyətinə düşüb və buna cəhd ediblər. Onlara verilən tapşırığa uyğun olaraq qarşıdurma yaratmaqla ölkədəki sabitliyi pozmağa cəhdlər göstərirlər. Bununla da dövlət və hökumət nümayəndələri arasında qarşıdurma yaratmaq niyyətində olublar".
"Aydın şəkildə hiss olunur ki, qanunsuz aksiyanı təşkil edənlər kimlərsə tərəfindən idarə olunur. Onlardan bu işi tələb edənlər hesabat da alırlar. Mətbuatda da bu barədə məlumatlar yayılıb. Məqsədli şəkildə onların tapşırıqlarını yerinə yetirənlər bu işə əl atırlar. Dünyanın hər yerində mitinqlərin keçirilməsi üçün ayrıca yerlər ayrılır. Xüsusi yerlərin ayrılması ictimai təhlükəsizliyin təmin edilməsi üçün əsasdır. Ancaq bunları nəzərə almadan müxalifət partiyası elə bir yer seçmişdi ki, sağlam məntiqə sığmırdı. Əhalinin və hərəkətin sıx olduğu yeri seçməklə ictimai dəstəyin geniş olduğunu göstərməyə çalışırlar. Baxmayaraq bu siyasi etika baxımından düzgün sayıla biləcək hərəkət deyildi. Bizi narahat edən onların siyasi etikası deyil, belə yeri seçməklə çirkin niyyətlərini həyata keçirmək üçün münbit yer seçməyə çalışmalarıdır. Çünki əhalinin gur olduğu yerdə asayişin pozulması ehtimalı yüksəkdir"- deyə o əlavə edib.
Onun sözlərinə görə, mitinqin keçirilməsi cəhdi bir daha onu göstərir ki, ölkədə daxili sabitliyi pozmağa yönəlik müxalif partiyalar mövcuddur: "Bu, AXCP və Milli Şura deyilən və amalı olmayan təşkilatdır".